Portuqaliya alimləri siçanlar üzərində təcrübə apararaq müəyyən ediblər ki, alkoqolun müntəzəm qəbulu neyronlar arasında əlaqələrin pozulmasına gətirib çıxarır. Bunun nəticəsində koqnitiv bacarıqlar azalır və həyəcan hissi yaranır. Tədqiqata dair məqalə “Science Signaling” jurnalında dərc edilib. Foodinfo.az  RİA Novosti saytına istinadla xəbər verir ki, Portu Universitetindən neyrobioloqlar on gün ərzində erkək siçanlara 5 porsiya alkoqol (bir parç pivədə, bir qədəh şərabda olan doza ekvivalentində) veriblər. Onuncu gün tədqiqatçılar beyin hüceyrəsini analiz edərək görüblər ki, alkoqol mikroqliyanı – mərkəzi sinir sistemi hüceyrələrini aktivləşdirir. Bu hüceyrələr adətən patogenlərin tanınmasına və aradan qaldırılmasına məsuldur. Hazırkı durumda isə oyadılmış immun hüceyrələri prefrontal qabıqda neyronlar arasında birləşdirici sinapsları udmağa və dağıtmağa başlayıb. Neyron əlaqələri pozulmuş siçanlar daha həyəcanlı olub və onlarda koqnitiv problemlər yaranıb. Sonrakı təcrübələr göstərib ki, mikroqliyanın fəallaşdırılması TNF iltihab molekullarının yaranmasını artırır. Alimlər onu poliladomid vasitəsilə aradan qaldıranda gəmiricilər sakit duruma qayıdıb, beyində sinapslar isə bərpa olunub. Tədqiqatçılar həmin molekulu kodlaşdıran genə də təsir edərək eyni effektə nail olublar. Onlar bildirirlər ki, alkoqoldan sui-istifadə edən insanların beş beyinində immun hüceyrələrin hiperaktivliyi məlum idi, lakin mikroqliyanın beyinin zədələnməsinə necə kömək etdiyi qaranlıq qalırdı. Yeni tədqiqatda alkoqollu içki qəbul edən insanlarda artmış həyəcanın səbəbi nəinki molekulyar səviyyədə izah olunur, həm də buna qarşı mübarizədə müəyyən vasitələr təklif edilir. Tədqiqatçıların fikrincə, klinik praktikada istifadə edilən bəzi FDA preparatları alkoqolun doğurduğu beyin zədələnməsinin qarşısını almağa və həyəcanı azaltmağa kömək edə bilər. Müəlliflər araşdırmanı davam etdirməyi, təcrübəyə dişi heyvanları da cəlb etməyi planlaşdırırlar.