Daxil olan vətəndaş müraciəti əsasında Tərtər rayonu ərazisində yerləşən, fiziki şəxs Bayramlı Şamil İdris oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı məntəqədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, həmçinin sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Məntəqənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən alət və avadanlıqların təmiz saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Agentlik ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.