Yediyimiz yeməklər yuxumuza təsir edir. Məsələn, qəhvənin yuxu qaçırtdığını bir çoxları bilir, lakin yatmağa mane olan digər qidalar da var.

Foodinfo.az xəbər verir ki, yuxu mütəxəssisi Dipti Tait rahat yatmağımıza kömək edəcək məsləhətlərini paylaşıb. 

Onun sözlərinə görə, acı və ədviyyatlı yeməklər, xüsusən də vasabi, kimçi və acı bibər yuxuya mane olur. Bu qidaların tərkibindəki kapsaisin bədənin daxili temperaturunu artırır. Lakin yatmazdan əvvəl bədən özünü soyutmalıdır, ona görə də ədviyyatlı yeməklər yuxunuzu qaçıra və hətta gecə tez-tez oyanmağınıza səbəb ola bilər.

Kapsaisin həmçinin ağrı və istiliyi hiss edən reseptorları aktivləşdirir, bu isə rahatlamağı və yuxuya getməyi çətinləşdirə bilər. 

Bundan əlavə, ədviyyatlı və acı yeməklər həzmsizlik və mədə yanğısı yarada bilər, xüsusən də uzanıqlı vəziyyətdə.

Ədviyyatlı qidalar həmçinin qoruyucu reaksiyaya səbəb ola bilər, bu isə adrenalin artırır. Bütün bunlar yuxu-oyanma dövrünü idarə edən  serotonin və melatonin hormonlarının səviyyəsinə dolayı təsir göstərə bilər.