44 günlük müharibənin hələ tanınmayan çox qəhrəmanları var. Könül istər ki, hər birini tanıdaq sizlərə. Bu dəfə ki qəhrəmanımız Nəsibov Fərid Teymur oğludur.
Foodinfo.az bizimyol.info-ya istinadən qəhrəmanımızla olan müsahibəni təqdim edir.
Fəridin 18 yaşı var. Yaşının az olmasına baxmayaraq, o qədər böyük ürəyə sahibdir ki, vətən uğrunda heç düşünmədən qəhrəmancasına vuruşub. Çox ağır xəsarətlər alıb. Gəlin onu yaxından tanıyaq.
- Fərid zəhmət olmasa özünü bizə təqdim et.
- Mən Nəsibov Fərid Teymur oğlu 2002-ci il təvəllüdəm. İyulun 25-i həqiqi hərbi xidmətə yollanmışdım. Fizuli istiqamətlərində gedən döyüşlərdə, Seyidəhmədlidə yaralanmışam.
- Yaralarınız ağır idi?
- Qəlpə qarnıma girmişdi və bağırsaqlarım tökülmüşdü. Birdə sol ayağımdan yaralanmışam.İndi bağırsaqsız yaşayıram. Həkimlər sağ olsunlar bağırsaqlarımın yerinə şlanq qoyublar. Şükürlər olsun ki, artıq ev müalicəsi yazılaraq buraxılmışam.
- 18 yaşda odun alovun içərisinə düşmək qorxulu gəlmirdimi sizə?
- Mən belə şeyləri ancaq kinolarda görmüşdüm. Çox qorxulu gəlirdi mənə. Lakin indi çox sevinirəm ki, bu yaşımda o cür müharibənin içərisində olmuşam.
- Son döyüş gününüzü, yaralandığınız günü necə xatırlayırsız?
- Biz 6 nəfər idik. 2 yoldaşım şəhid oldu, qalanları yaralıydı. Tək qalmışdım və bilmirdim necə edim ki, yaralı dostlarıma kömək olum, şəhidləri öz tərəfimizə çəkim. Birdə gördüm yenə raket gəlir. Bildim ki, qaçmaq mümkün olmayacaq. Gəldi dəydi və məni 100 metr neytrala atdı. Göydə qəlpələr doldu bədənimə. Yerə düşəndə elə bildim ki, ayaqlarım yoxdur. Lakin ayağım var idi sadəcə yeri tutmurdu, sinirlər yanmışdı. Qarnıma fikir verəndə gördüm ki, bağırsaqlarım tökülüb. Çox Allaha dua etdim o mənə güc, qüvvət verdi. Əlimlə bağırsaqlarımı yığdım. 1 saata yaxın orada qaldım ki, qaranlıq düşsün və ermənilər məni görməsin. 6 gülləm qalmışdı. Tək əlimlə arxaya atırdım ki, bəlkə kimsə məni görər, köməyə gələr. Çox uzaqda idim heç kim görmədi məni.
- Bəs necə xilas ola bildiniz?
- Başladım beli üstdə sürünməyə. Gəlib öz əsgərlərimizi görəndə çox sevindim. Ondan sonra huşum gedib. Heç nəyi xatırlamıram.
- Ordumuzda əsgərlər arasında birlik necə idi?
- Bizim orduda çox güclü birlik var idi. Biri yaralanan kimi hamı qaçırdı ki, ona kömək etsin. Hətta bir dostum öz qolu kəsildiyi halda ayağından yaralanan başqa bir əsgərə kömək edirdi. O, öz silahının qarmaqlı ipini yaralı əsgərin şalvarına keçirmişdi və bir əli ilə dartıb aparırdı ki, onu xilas etsin.
- Müharibə psixoloji olaraq sizdə hansı izləri buraxdı?
- Evdə oturanda, yemək yeyəndə, çay içəndə, yatanda hər dostlarım, yaşadıqlarımız düşür yadıma. Onların səsləri, sözləri hamısı qulağımdadır. Yatanda elə bilirəm yenə döyüşdəyəm.
- Ailə üzvləriniz, ətrafınız sizi necə qarşıladı?
- Döyüşə getməmişdən qabaq evə zəng vurmuşdum. Demişdim narahat olmayın aparmırlar bizi döyüşə. Yaralananda zəng vurdum. Onda bildilər ki, döyüşdə olmuşam. Şirvan yaşayış massivində qalıram. Gələndə çox yaxşı qarşıladılar məni. Gözləmirdim düzü belə bir şey. Çox sevindim.
- Müharibənin sülh yolu ilə bitməsi xəbəri necə təsir elədi?
- Müharibənin sülh yolu ilə bitməsinə sevindim. Çünki heç kim şəhid olmayacaq, valideynlərin gözü yaşlı qalmayacaq.