Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri aparılır.

Foodinfo.az xəbər verir ki, reyestr insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının qorunması üçün qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar barədə məlumatların vahid mənbədə toplanması, emalı, axtarışı, təhlili, ötürülməsi və istifadəçilərin məlumatlandırılması məqsədilə aparılır. Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrində qida məhsulunun xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodu, məhsulun adı, təhlükəli hesab edilməsinə əsas verən hal və qadağan olunmuş inqrediyentin adı əlavə olunub (https://afsa.gov.az/az/qida-mehsullarinin-tehlukeli-hesab-edilmesine-esas-veren-hallarin-aciq-reyestri).

Xatırladaq ki, aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir:

- qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda;

- qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.

Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində cari ilin yanvar-mart ayları ərzində ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb. Adı, istehsalçısı, idxalçısı, mənşə ölkəsi, əmtəə nişanı, istehsal tarixi, aşkarlanan uyğunsuzluqlar və görülmüş tədbirlərlə bağlı məlumatların əksini tapdığı təhlükəli hesab edilən məhsulların siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qida-zencirine-nezaret/nezaret-tedbirleri?page=1

Qeyd edək ki, “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması Qaydası” “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün açıq reyestrinin aparılması qaydasını müəyyən edir. Reyestr qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması hallarına şamil edilmir.