Müsabiqəyə qida təhlükəsizliyi mövzusunda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər. Qeyd edək ki, bundan əvvəl AQTİ tərəfindən elan edilən müsabiqəyə təqdim olunan ssenarilər müsabiqə şərtlərinə və tələblərə uyğun olmadığı üçün növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Layihənin həyata keçirilməsində məqsəd vətəndaşların qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, qida təhlükəsizliyinin vacibliyini gündəmə gətirmək və qida təhlükəsizliyi ilə bağlı problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.
Müsabiqənin qaydalarına əsasən, ssenarilər 3 dəqiqədən çox olmayan videoçarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Təqdim edilən ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalı və Azərbaycan dilində olmalıdır. Bir müəllif müsabiqəyə bir neçə ssenari təqdim edə bilər və müəlliflər üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən edilən ssenarilər müsabiqədən kənarlaşdırılacaq.
Müsabiqənin münsiflər heyəti tərəfindən seçilən və ilk 3 yeri tutan ssenarilərin müəllifləri pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır. Birinci yerə layiq görülən ssenari əsasında AQTİ tərəfindən sosial videoçarx hazırlanacaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər müəllifi olduğu ssenarini fevralın 5-dən 25-dək “Təhlükəsiz qida” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müəlliflər ssenari ilə birlikdə, özləri haqda sərbəst mətndə məlumat da təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə məlumatları göstərilməlidir.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 565 12 72 (daxili nömrə 756), (070) 960 10 03.