Xəbər verildiyi kimi, Azərbaycan Avropa İttifaqı ölkələrinə qurbağa ayağı və ilbiz kimi ekzotik məhsulların ixracına hazırlaşır. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov 2019-cu ilin son günlərində bu haqda danışıb. Mikayılovun sözlərinə görə, Aİ ölkələrinə heyvan mənşəli qidaların ixracı üçün konkret məhsullar üzrə səlahiyyətləndirmə prosedurundan keçmək lazımdır. Azərbaycana məxsus üç məhsul artıq səlahiyyətləndirilib.
Foodinfo Azərbaycan üçün ənənəvi hesab edilməyən ilbiz və qurbağa ayağı biznesi ilə bağlı vəziyyəti araşdırıb. Bəlli olub ki, Avropaya ixrac imkanı yaranması haqda məlumatlardan dərhal sonra elan saytlarında, sosial şəbəkələrdə ilbiz və qurbağa satışı ilə bağlı xeyli elan yerləşdirilib. İlbizin biri 1 manata, yaxud razılaşdırma yolu ilə təklif edilir.
Abşeron ilbizləri.
İlbiz satanlardan biri 27 yaşlı Səlimdir. Onun bildirdiyinə görə, ilbizləri Abşeron kəndlərindən toplayacaqlar. Bu ilbizlər isə digər bölgələrdən yığılan ilbizlərə nisbətən bahadır. “Bilirəm ki, bu ilbizlərdən azdır, ona görə də qiyməti yüksəkdir. Deyirlər ki, keyfiyyəti yaxşıdır, Avropada alıcıları var”,-Səlim belə deyib. Əlavə edib ki, ilbizlə bağlı maraqlananlar var, lakin hələlik sifarişçi tapa bilmir. Amma mövsümə qədər real alıcı tapa biləcəyinə ümidlidir. Qiymət isə təqribən təyin edilib, sifarişdən asılı olaraq müəyyənləşdiriləcək.
İlbizdən fərqli olaraq qurbağa satıcıları internetdə qiymət yerləşdirməyiblər. Onlardan biri deyib ki, hələlik bu sahədəki vəziyyəti öyrənirlər. “Əldə hazırda qurbağa yoxdur, elan verməklə təlabatı müəyyən etməyə çalışırıq. Görək bu sahə qazanc gətirirmi?”.
Satıcı onu da əlavə edib ki, Bakıdakı restoranlardan birində qurbağa ayağı ilə qızardılmış soğan yeyib və 25 manat ödəyib. Bundan sonra qurbağa ayağı biznesi ilə maraqlanmağa başlayıb.
Zavod bağlanıb, amma...
Azərbaycanda ilbiz biznesi ilə 2017-ci ilin əvvəlində yaradılmış “Azdelikates-Alfa” MMC məşğul olub, şirkət təxminən bir neçə ay əvvələdək Avropa ölkələrinə, Türkiyəyə ilbiz ixrac edib. Şirkətin təsisçilərindən biri Emin Hacıyev virtualaz.org-a bildirib ki, mövsümdə qiymətlər sərf etmədiyindən zavodun fəaliyyətini dayandırıblar. Lakin Qida Təhlükəsizlik Agentliyinin məlumatından sonra yenidən fəaliyyətə başlamaq niyyətindədirlər.
“Bildiyim qədər ilbiz ixracı ilə yanız bizim şirkət məşğul olub. Amma mövsümü pis başa vurduq, qiymətlər sərfəli olmadı”,- Hacıyev bildirib.
Onun sözlərinə görə, ilbizlər Şamaxının və ətraf rayonların kəndlərinin sakinləri tərəfindən təbiətdən toplanaraq birqadirlərə, birqadirlər də məntəqəyə təhvil veriblər. İlbizlərin kiloqramını 50 qəpikdən alıblar. Lakin E.Hacıyev ilbizlərin ixrac qiymətini açıqlamayıb, bildirib ki, bu, şirkətin kommersiya sirridir: “Milyonlarla ilbiz emal prosesindən keçirilirdi. Təsəvvür edin ki, ilbiz yığımasına az əmək sərf edilir, amma kəndlərdə ilbiz toplamaqdan gündə orta hesabla 10-25 manat qazananlar vardı. Bu, həm də əlavə qazanc mənbəyidir. Avropaya ilbiz ixracından sonra kəndlərdə nə qədər adamın əlavə işi olacaq”.
İlbiz yığım mövsümü mart ayından may ayına qədərdir. Hacıyev deyib ki, ilbizin birinin 1 manata, yaxud 7-8 dollara satılması real deyil: “Dənizkənarı ərazilərdəki ilbizlər bir qədər bahadır, amma bu ilbizlərdən azdır. Lakin daha biri 1 manata satıla bilməz”.
Hacıyev onu da qeyd edib ki, ilbizlər əkin sahələrinə ziyan vurduğu üçün toplanması fermerlərin xeyrinədir.
Bə ilbiz yığımı kökünün kəsilməzsinə səbəb ola biləri? Hacıyev deyib ki, ilbiz təxminən 150 yumurta qoyur və yumurtaların təxminən 2-3 faizi məhv olur. Yəni balavermədə məhsuldar canlıdır. İlbizlərin həm dişisi, həm erkəyi yumurta qoyur.
Qurbağa ayağını kim ixrac edəcək?
Saytlarda bir neçə iş adamının da ilbiz və qurbağa ayağı biznesi ilə məşğul olduğu yazılıb, lakin adlar açıqlanmır, yaxud satışın həcmi haqda məlumat yoxdur.
Azərbaycanda qurbağa ayağı biznesi ilə bağlı “Azərifrog” MMC-nin adı çəkilir. Bir müddət əvvəl şirkətin təsiscilərindən olan Valeh Hüseynov virtualaz.org-a bildirmişdi ki, bu ideya onun Fransada marketinq üzrə magistratura təhsili almış oğlu Rauf Hüseynzadəyə məxsusdur. Həyətyanı sahələrində 250-300 kv.m sahədə nohur yaradaraq qurbağa saxlayıb böyüdüblər. Qurbağaların ovlanaraq satılma mövsümü sentyabr ayıdır. Lakin sonradan şirkətin bu biznesi davam etdirib-etdirmədiyi bəlli deyil.
Dövlət Statistika Komitəsinin idxal-ixrac əməliyyatları ilə bağlı göstəriciləri arasında qurbağa ayağı və ilbizlə bağlı məlumat yoxdur.
Türkiyədə isə qurbağa biznesi ilə məşğul olan 10-a yaxın şirkət var və əsasən Fransaya qurbağa satılırlar. Türkiyə mətbuatının məlumatına görə, yaz aylarında qurbağa ayağının kiloqramı 10-15 liraya (3,5-5 manat), qışda isə 40-50 lira (14-16 manata) satılır. Bir sözlə, Avropada qurbağa ayağı və ilbizə təlabat var, bu sahə ölkəyə milyonlarla manat valyuta qazandıra bilər.
Son xəbərlər
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib