AQTA sədri: "Çalışırıq ki, normativlərə cavab verən yetərli sayda ət kəsim məntəqələri açılsın. Biz bunu təşviq edirik"
BAKI, 8 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi keçirdiyi mütəmadi reydlər zamanı Bakının müxtəlif ərazilərində heç bir gigiyenik tələblərə cavab verməyən, heç bir sənədi olmayan qeyri-qanuni heyvan kəsimi məntəqələri aşkarlanır. Yeni il bayramında ət məhsullarına tələbat bir neçə dəfə artığından, belə kəsim məntəqələrinin sayı da artır. AQTA da reyd zamanı belə kəsim məntəqələri aşkarlamışdı.
Hələ bir neçə il əvvəl tələblərə cavab verməyən belə kəsim məntəqələrinin şəhərin küçələrindən yığışdırılması, ət kəsiminin xüsusi ayrılmış, standartlara cavab verən böyük məntəqələrdə həyata keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu. Bu istiqamətdə xeyli iş görülsə də, Bakıda hələ də xırda, qanunun tələblərinə cavab verməyən ət kəsimi məntəqələri var.
Maraqlıdır, bu gün AQTA tərəfindən hazırda küçələrdə qeyri-qanuni kəsim məntəqələrinin qarşısının alınması istiqamətində hansı addımlar atılır?
AQTA sədri Qoşqar Təhməzli Foodinfo-a açıqlamasında bu haqda danışıb: "Biz mərhələli şəkildə müəyyən işləri həyata keçiririk. Artıq il yarım öncəkindən, yəni fəaliyyətə başlamağımızdan əvvəlki dövrdən fərqli olaraq vəziyyət dəyişib".
AQTA sədri bildirib ki, qida təhlükəsizliyinin təmin edilməsi üçün hərtərəfli iş aparılmalıdır: "Ölkədə ətlik heyvan sağlamlığı təmin edilməlidir. Çünki bu olmadan ölkədə qida təhlükəsizliyini təmin etmək mümkün olmayacaq. Artıq insanlarda da düşüncə dəyişib. Bu səbəbdən də, küçə və meydanlarda, təsadüfi yerlərdə kəsimlərin qarşısı alınır. Biz çalışırıq ki, normativlərə cavab verən yetərli sayda kəsim məntəqələri açılsın. Biz bunu təşviq edirik. Təşviq edirik ki, sahibkarlar bu sahəyə yatırım etsinlər".
Qanunsuz heyvan kəsiminin qarşısını necə almaq olar - ekspert danışır
"Qeyri-qanuni kəsimi məntəqələri ilə bağlı hər zaman inzibati addımlar atılıb. Tərəfimizdən leş ətləri satışı ilə bağlı olaraq da müəyyən addımlar atılıb və bu problemlər tədricən həll olunur. Lakin bu problemləri bir anda, bir əmrlə həll etmək mümkün deyil", - deyə Q.Təhməzli bildirib.
Agentlik sədri deyir ki, bu işə həm dövlət, həm də sahibkarlıq resursları cəlb olunmalıdır: "Qeyri-qanuni halların qarşısının alınması üçün tərəfimizdən də dəstək veriləcək ki, dövlət proqramı çərçivəsində bütün qeyri-sağlam hallar aradan qaldırılsın. Tezliklə bunun nəticəsini görəcəyik".
Nurlan
Son xəbərlər
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib