Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması üçün yeni layihəyə start verib.
Belə ki, AQTA layihə Azərbaycanda nümunəvi biznesin yaradılması məqsədi daşıyır.
Bu barədə onlayn mətbuat konfransında AQTA-nın Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl məlumat verib. O bildirib ki, müvafiq sahədə qida təhlükəsizliyinin gücləndirilməsi və sahibkarların sağlam rəqabətə təşviq edilməsi imkanlarını genişləndirmək baxımından bu layihə böyük əhəmiyyətə malikdir.
Orxan Mikayıl qeyd edib ki, bununla yanaşı sahibkarlara və onların işçi heyətinə təlimlər də keçiriləcək. Yəni artıq hər istəyən dönər bişirib sata bilməyəcək.
Bundan əlavə həssas qrupların layihə çərçivəsində ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması nəzərdə tutulur. 2020-2021-ci illər üzrə ilkin olaraq paytaxt ərazisində 10, digər şəhər və rayonlarda da 10 obyekt olmaqla, ümumilikdə 20 dönər biznesi ilə məşğul olan müəssisənin sağlamlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda fast-food yeməklərindən sayılan dönərə təlabat xeyli artıb. Artıq universitet və məktəblərin açılması ilə addımbaşı fəaliyyət göstərən dönərxanalarda keyfiyyətli məhsul və xidmət məsələsi yenidən gündəmdədir. Dönərin orqanizm üçün hansı ziyanları var bu haqda geniş materiallar zaman-zaman təqdim olunur. Təəssüf ki, dönərə olan təlabat artdıqca keyfiyyət də aşağı düşür. Tez-tez zəhərlənmə halları baş verir. Mənşəyi bilinməyən ətlərdən istifadə və s. kimi problemlər ortaya çıxır.
Elə AQTA-nın planlaşdırdığı yeni layihənin də məhz bu cür problemləri aradan qaldırmağa hesablandığı deyilir.
Maraqlıdır, dönərçilər AQTA-nın yeni layıhəsi barədə məlumatlıdırlarmı, onlar bu haqda nə düşünürlər?
Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən dönərxalarda olduq. Nərimanov metrostansiyasına yaxın dönərxanaların bir neçəsinə baş çəkdik. “Başkent” restoranında çalışan dönər ustası suallarımızı cavablandırdı.
- Dönər satışı ilə bağlı nəzərdə tutulan yeni layihədən xəbəriniz varmı?
- Xeyr.
- O zaman mən deyim: artıq hər istəyən dönər bişirib sata bilməyəcək, əmək müqaviləniz olmalıdır.
- Bakıda o qədər dönərxanalar var, hansının müqaviləsi var ki?
- Bəs satdığınız dönərin ətini haradan alırsınız, yoxsa özünüz hazırlayırsınız?
-Əti alıb, özümüz hazırlayırıq. Ət satılan məntəqələr var. Oradan sifariş olur. Təmiz ət gəlir. Mənşəyi məlum olmayan ət dönərə vurulmur.
Müsahibimizdən satdığı dönərin qiymətini də soruşduq: Dönərin ölçüsündən asılı olaraq 3-5 manat arası dəyişdiyini dedi. Maraqlı olan odur ki, ondan bir neçə metr aralıda yerləşən dönərxanada 1.50 qəpiyə satılır.
Maraqlanmaq istədik ki, görəsən bu qədər fərq nədədir?
Dönər ustası Kamil Vəliyev dedi ki, böyük və tanınmış restoranlarda qiymət baha olur:
“Ət eyni ətdir. Heç bir fərq yoxdur. Tanınmış restoranlara üz tutanlar çox olduğuna görə, qiymətlər baha olu"r.
Və verdiyim bir sual müsahibimizi əsəbiləşdirir:
- Tez-tez mətbuatda yayılır ki, dönərxanalarda mənşəyi məlum olmayan ətlərdən hazırlanan dönərlər satılır. Sizin münasibətiniz nədir, ucuz satılan dönərlər buna görə ola bilərmi?
- Elə adamlar ola bilər. Amma bunun bizə nə aidiyyatı? Bizim satdığımız ətdə prolem ola bilməz. Neçə ildir işləyirik, hələ ki, problem olmayıb.
Daha bir dönər evinə üz tuturuq. Şəhərin bir neçə ünvanında şəbəkəsi olan “DÖNERETTO” da qızğın satış gedir. Burada dönər digər yerlər kimi baha satılır. 4-5 manat arası dəyişir. Dönərçininin dediyinə görə, həmişə bu qiymət olub, müştəriləri də razıdırlar:
“Neçə ildir fəaliyyət göstəririk. Müştərilərimiz məmnundur”.
- Bəs dönərlə bağlı AQTA tərəfindən yeni layihənin icra olunması ilə bağlı məlumatınız varmı?
- Xeyr. Nə edirlərsə etsinlər.
Olduğumuz ünvanlara baş çəkdikdə məlum olur ki, dönərsatanların müqaviləsi yoxdur. Sadəcə icarə haqqı ödəyirlər. Satdıqları ətlə bağlı sual soruşanda isə çox sərt qarşılayırlar. Yeni layihənin icrasından sonra yəqin ki, dönərxanaların sayı barmaqla sayılacaq qədər qalacaq. Bu isə sağlam qidalanma üçün əsas şərtdir.