Yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Bildirilir ki, məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.
Azərbaycanda uzun müddətdir ki, enerji içkilərinin satışına qadağanın qoyulması, qiymətinin bahalaşdırılması və digər bu kimi istiqamətlərdə müzakirələr gedirdi. Milli Məclisin 2019-cu il sentyabrın 30-da keçirilən plenar iclasında da məsələ bir daha müzakirəyə çıxarıldı. Çıxış edən deputat Qənirə Paşayeva enerji içkilərinin zərərlərindən danışdı. Xanım deputat enerji içkilərinin geniş yayılmasından narahatlığını ifadə etdi.
Bu zaman iclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov enerji içkiləri ilə bağlı problemlərin olduğunu təsdiqlədi. O bildirdi ki, bu məsələ ilə bağlı ictimaiyyət arasında maarifləndirmə işlərinin aparılması vacibdir.
Deputat Musa Quliyev də televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif etdi. Deputat bildirdi ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir.
Yeni qüvvəyə minən qaydalara görə, enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.
Bildirilib ki, 2020-ci ilin 1 yanvar tarixindən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı müvafiq norma və qaydalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaq.
Foodinfo əməkdaşı olaraq bir neçə iri supermarketdə olub, enerji içkilərinin satışı ilə bağlı vəziyyətlə tanış olduq. Müşahidə etdik ki, mağazalardada həm ayrı soyuducularda, həm də ümumilikdə şirə satılan bölmədə müxtəlif növ enerji içkilərinin satışı həyata keçirilir. Söhbət etdiyimiz satıcılar bildirdilər ki, ötən ayın sonlarından etibarən yeni qaydalarla bağlı onlara məlumat verilib. Bildirilidi ki, siqaret kimi enerji içkilərini də satan zaman yaş senzini nəzərə alırlar. Satıcılar onu da bildirdilər ki, mövcud qaydalar qüvvəyə minəndən sonra enerji içkilərinin satışında azalma qeyd edilib. Onlar etiraf etdilər ki, bu içkiləri alanların əksəriyyəti məktəblilər və gənclərdir.
Məlumat üçün bildirək ki, ilk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi istifadəsinə başlanan enerji içkiləri zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunmağa başlandı. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki, qısa müddət sonra hamının istifadə edə biləcəyi enerji içkisi kimi tanıdıldı. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində güc artıran qida məhsulu kimi istifadə olunur.
Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.
Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:
- Məhsulu alarkən onun tərkibi ilə tanış olun.
- Enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur.
- Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.
- Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.
Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər.
Eyni zamanda enerji içkilərinin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.
Son xəbərlər
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib