Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçiləri Məhsəti Hüseynova və Asim Vəliyevin Şuraya keçirilən seçkilərdə guya qanun pozuntuları olması ilə bağlı iddialarına münasibət bildirib.
Bununla bağlı Foodinfo.az-a açıqlama verən E.Hüseynov bildirib ki, seçkilərdə iştirak etmək istəyən şəxs fəallıq göstərməlidir:
“Həmin o materialları yazan adamlar kontingentli insanlardır və İctimai Şurada təmsil olunsaydılar, pis olmazdı, əksinə, yaxşı olardı. Mən də bunun tərəfdarıyam. Təbii ki, ölkəmizdə məndən də kontingentli insanlar var. Ona görə də məndən də çox bilikli insanların orada olmasını çox istəyərdim. Lakin seçkilərdə iştirak etmək istəyən şəxs fəallıq göstərməlidir. Mən seçki günü sona qədər, yəni səslər sayılana qədər orada gedişatı izlədim.
Təsadüfi deyil ki, ən yüksək səsi də mən topladım”.
“Düşünürəm ki, Məhsəti xanım və Asim bəy də onlara səs verəcək insanların ora getməsini təmin etməli idilər, özləri də orada olmalı idilər və s. Onların orada olmadığı halda bu iddialarını böhtan hesab edirəm, çünki onların heç biri orada iştirak etməyib. Mən öz gözlərimlə şahidi olmuşam ki, orada qanun pozuntusu olmayıb. Baxmayaraq ki, AQTA yaranandan bəri yüzlərlə məqaləmdə qurumu tənqid etmişəm. Lakin mən iştirak etdim və hər şey normal keçdi. Düşünürəm ki, seçkilər tam şəffaf keçirilib. Sadəcə olaraq, Məhsəti xanım və Asim bəy öz seçki proseslərini təşkil edə bilməyiblər. Ona görə də onların yazdıqları iddiaları böhtan hesab edirəm”, o bildirib.
Qeyd edək ki, AQTA yanında İctimai Şuraya seçkilər noyabrın 27-də keçirilib. Tədbirdə vətəndaş cəmiyyətinin tanınmış təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.
Seçki prosesinin sonunda səsvermə qutusu açılıb və Seçki Komissiyasının üzvlərinin iştirakı, müşahidəçilərin nəzarəti altında səslər hesablanıb. Səsvermənin nəticələrinə əsasən namizədliyi irəli sürülmüş 16 təmsilçildən 9-u İctimai Şuranın üzvü seçilib.