Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxil olmuş məlumat əsasında AQTA əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi 91/A ünvanında fiziki şəxs Əliyev Elşan Şirin oğluna məxsus çörək istehsalı müəssisəsinə baxış keçirilmişdir. İlkin baxış zamanı antisanitar şəraitdə, qanunsuz fəaliyyət göstərən çörək sexində istehsal olunan çörək nümunələrinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, sanitariya norma və qaydaların, gigiyena normativlərinin pozulduğu, emal sahəsində istifadə edilən xammalların mənşəyinin məlum olmadığı, eləcə də temperatur rejimi gözlənilmədən saxlanıldığı, hazır məhsulların laborator müayinələrdən keçirilmədiyi və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb. Müəssisədə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq havada rəflərə yığılaraq soyudulduğu müəyyən edilib. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.