Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 4-cü Ticarət Məclisi keçirilib. BƏƏ-nin Bakıdakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, BƏƏ-nin İqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri, BƏƏ-nin ölkəmizdəki səfirliyinin və digər qurumlarının təmsilçiləri, həmçinin hər iki tərəfdən biznes nümayəndələri iştirak ediblər.
Ticarət Məclisini açıq elan edən BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Al Qubaisi artıq ənənə halını almış bu tədbirin qarşılıqlı işgüzar münasibətlərin qurulması baxımından əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Ticarət Məclisi 2017-ci ildə yalnız 9 partnyorla təşkil edilmişdisə, bu gün Məclisin 50-dən yuxarı tərəfdaş şirkəti mövcuddur. Səfir qeyd edib ki, Məclis təşkil edildiyi vaxtdan etibarən hər iki ölkə arasında qeyri-neft sektorunda ikitərəfli ticarət əlaqələri sürətlə inkişaf edib. Artıq BƏƏ-nin 3 aviaşirkəti şəhərlərimiz arasında birbaşa uçuşlar həyata keçirir, ölkələr arasında turizm sahəsində yüksək dinamiklik müşahidə olunur, qarşılıqlı investisiyalar əsasında yeni müəssisələr açılır. 2019-cu ilin ilk 9 ayında ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,5% artıb. Səfir ölkələrimiz arasında əməkdaşlığın hər iki tərəfin səyləri nəticəsində, həmçinin dövlət rəhbərlərinin və hökumətlərin güclü siyasi iradəsi hesabına əldə olunduğunu qeyd edib.
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri Ticarət Məclisinin iqtisadi əlaqələrin genişləndirilməsi, şirkətlər arasında əlaqələrin yaradılması baxımından əhəmiyyətini qeyd edib, ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən təşkil olunan Ticarət Məclisini ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün vacib platformalardan olduğunu bildirib. Qeyd edib ki, noyabrın 13-də Bakıda keçiriləcək Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün səmərəli mexanizmdir. Mövcud əlaqələrin genişləndirilməsi üçün yeni yolların araşdırılması Komissiyanın gündəliyinə daxil olan əsas məsələdir.
Dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər qurulduğunu, hər iki ölkənin şirkətlərinin qarşılıqlı işgüzar fəaliyyət və tərəfdaşlıq münasibətlərində fəal iştirak etdiyini diqqətə çatdıran İqtisadiyyat naziri Azərbaycan-BƏƏ əməkdaşlığının iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə sənaye, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, turizm, innovasiya, təhsil və mədəni sahələrdə inkişaf etdirilməsi üçün böyük potensialı qeyd edib. Nazir, həmçinin, Azərbaycanın investisiya mühiti, biznes üçün yaradılan şərait, logistika mərkəzləri, sənaye zonaları, investisiya təşviqi mexanizmi barədə qonaqlara ətraflı məlumat verib, ölkəmizdə sahibkarlara vergi və gömrük güzəştlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.
Tədbir işgüzar dairələrin tanışlığı və biznes müzakirələri ilə davam edib.
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər