Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün korporativ idarəetmə və onun şirkətin səmərəli fəaliyyətində rolu, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədi mövzularında onlayn maarifləndirici tədbir keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi və KOBİA-nın nümayəndələri tərəfindən müvafiq mövzular üzrə sahibkarlar məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. Onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 400-ə yaxın sahibkar yararlanıb. Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı formada göndərmək imkanı da yaradılıb. Sahibkarların sualları ekspertlər tərəfindən tədbir çərçivəsində operativ şəkildə cavablandırılıb. Daha çox sahibkarın yararlanması üçün onlayn maarifləndirmə tədbiri KOBİA-nın Facebook səhifəsi üzərindən birbaşa yayımlanıb. Regionlarda fəaliyyət göstərən KOB subyektlərinin onlayn maarifləndirmə tədbirində iştirakına dəstək məqsədilə KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB Dostu şəbəkəsi tərəfindən sahibkarlara köməklik göstərilib. Qeyd edək ki, onlayn tədbir barədə sahibkarlar əvvəlcədən İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, sosial şəbəkələrdəki səhifələri, eləcə də KİV vasitəsilə məlumatlandırılıb.