“Səba” ASC-nin hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil”. Bunu “Səba” ASC-nin hüquqşunası Ramil Süleymanov bildirib. “Bildirmək istəyirəm ki, Bakı Fond Birjasının rəsmi internet səhifəsində gedən məlumatda texniki yanlışlıq görünməkdədir. Belə ki, “Səba”  ASC-nin hər birinin nominal dəyəri  2 manat olan 2 395 296 ədəd səhminin tamamilə satışa çıxarıldığı barədə məlumat doğru deyil. Bu gün “Səba” ASC-nin bizə məlum olan bir səhmdarı malik olduğu 168 ədəd səhmi “Unicapital İnvestisiya Şirkəti” vasitəsilə digər bir şəxsə satmışdır. Bu şəxs (səhmləri alan - Marja) bizə məlum deyil. Səhmdarın adı Azərbaycan Respublikası Milli Depozit Mərkəzindən Qiymətli Kağız Mülkiyyətçilərinin Reyestrini alacağımız zaman bizə məlum olacaqdır. Yəni, bir daha vurğulamaq istəyirəm ki, burada satış predmeti “Səba” ASC-nin tam səhm paketi deyil, yalnız səhmdarlardan birinin mülkiyyətində olan 168 ədəd adi səhmin alqı-satqısıdır”,- şirkətin hüquqşunası bildirib. Xəbər verdiyimiz kimi, Bakı Fond Birjasının (BFB) yaydığı məlumata görə, 27 avqust 2018-ci il tarixindən etibarən BFB-nin Listinq Komitəsinin qərarı ilə "Səba" ASC-nin qiymətli kağızları BFB-də Alternativ Bazar seqmentində listinqə daxil edilmişdir. Məlumatda qeyd edilib ki, bu gün, hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm ticarətə buraxılıb (cəmi  4 milyon 790 min 592 manatlıq). BFB-nin məlumatına istinad etsək, ticarətə buraxılan səhmlər "Səba"nın nizamnamə kapitalına qarşılq gəlir (hər birinin nominal dəyəri 2 manat olan 2 395 296 ədəd səhm). "Səba" ASC 2017-ci ilin sonunda 4 milyon 790 min 591 manat nizamnamə kapitalına malik olub. (Marja)