24-27 sentyabr tarixində Rusiyanın paytaxtı Moskva şəhərində "Worldfood Moscow 2019" beynəlxalq ərzaq sərgisi keçirilib. Burada 65 ölkədən 1500-dən çox istehsalçının məhsulları təqdim olunur. Beynəlxalq sərgi təxminən 30 min mütəxəssis və 1630-dan çox sərgi iştirakçılarını özündə cəmləşdirir.
Dünya səviyyəli ən böyük payız sərgisində ölkəmizi təmsil edən şirkətlər arasında "Ulduz" şokolad fabriki də yer alıb. "Worldfood"da ənənəvi olaraq iştirak edən qənnadı brendimiz yeni məhsul çeşidləri olan jele tipli “Jellini”, modern yaşamın sağlam qidası sayılan “Favo” müsli batonları, bol südlü , xalis şokolad örtüklü, “Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, ənənəvi Belçika texnologiyası əsasında hazırlanan, yeni “Azərbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutuları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqət və rəğbətlə qarşılanıb. Yeni məhsullarla yanaşı 80-dən çox keyfiyyətli və müxtəlif çeşidli “Ulduz” şokolad fabrikinin məhsulları sərgi iştirakçılarına təqdim edilib.
Böyük nüfuz və ənənələri özündə cəmləşdirən sərgidə Çin, Monqolustan, Ukrayna, Rusiya, İraq, Orta Asiya ölkələrindən "Ulduz" şokolad fabrikinin məhsullarına xüsusi diqqət yaranıb. 18 ildir ki, fəaliyyət göstərən fabrikin məhsullarını bəyənən müştərilərlə işgüzar görüşlər keçirilib və əməkdaşlığa dair ilkin danışıqlar aparılıb. “Ulduz” şokolad fabrikinin məhsullarını 20 ölkəyə ixrac etməsi, onu milli brendlə yanaşı, həm də ixracyönümlü brend kimi mövqelənməyə imkan verir.
"Ulduz " şokolad fabrikinə olan böyük maraq və diqqət istehsal prossesində xüsusi önəm verilən nüansın, keyfiyyətli məhsul konsepsiyasının nümunəsidir. Keçirilən görüşlər və ümumillikdə, stendə göstərilən marağa görə "WorldFood Moscow 2019"u fabrikin növbəti beynəlxalq uğuru kimi qiymətləndirmək olar.