"Qida Təhlükəsizliyi Agentliyinin apardığı məlumatverici monitorinq və audit tədbirləri zamanı bəzi çatışmazlıqlar aşkarlanıb". Bunu Agentliyin sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, monitorinqlər zamanı ticarət şəbəkələrinin işçilərinin tibbi müayinədən keçməmələri aşkarlanıb: "Həmin sahibkarlıq subyektlərinin rəhbərlərinə xəbərdarlıq edilib və həmin işçilər işdən kənarlaşdırılıb. Bundan başqa, istehsal sahələrində texnoloji ardıcıllğın pozulması halları da aşkar olunub. İşimiz sahibkarların işə mane olmaq deyil. Əksinə, sahibkarlar hər addımda dəstəklənməlidir. Amma sağlamlığı təhlükə altında qoyanlara qarşı ciddi tədbirlər görüləcək". Q.Təhməzli qeyd edib ki, bəzi dönər satışı məntəqələrində sanitar-gigiyenik normalara əməl olunmur: "Bununla bağlı müvafiq təlimatlar hazırlanıb və həmin yerlərə göndəriləcək".