Bayram günlərində qidalanmaya xüsusi diqqət yetirilməlidir. Çeşid-çeşid yeməklərin, növbənöv salat və şirniyyatların hazırlandığı bu günlərdə xoşagəlməz halların baş verməməsi üçün yemək hazırlanarkən və qidalanma zamanı 6 qızıl qaydaya əməl edilməsi vacibdir. Bunlar aşağıdakılardır:
1. Şəxsi gigiyena qaydalarına əməl edilməlidir: yemək hazırlamamışdan əvvəl və sonra əlləri yumaq, mətbəx ləvazimatları və səthləri daim təmiz saxlamaq lazımdır.
2. Yemək hazırlanan xammal təhlükəsiz olmalıdır: yeməklərin hazırlanmasında istifadə edilən xammalların təzə və keyfiyyətli olması mühümdür. Məhsulların istehsal və son istifadə tarixlərini yoxlamaq vacibdir.
3. Qidaların saxlanma qaydasına riayət olunmalıdır: qidaların düzgün saxlanması onların həm keyfiyyəti, həm də təhlükəsizliyi üçün vacibdir. Soyuducuya qoyulmalı olan qidalar otaq temperaturunda uzun müddət saxlanmamalıdır.
4. Çarpaz çirklənməyə yol verilməməlidir: bişmiş qidaları çiy qidalardan ayrı saxlamaq lazımdır. Bişmiş və çiy qidalar arasında çarpaz çirklənmənin qarşısını almaq üçün ayrı-ayrı doğrama lövhələri və bıçaqlardan istifadə edilməlidir.
5. Temperatura nəzarət olunmalıdır: ət və ət məhsullarının donunun açılması prosesini və bişirmə temperaturunu düzgün seçmək çox əhəmiyyətlidir.
6. Qida alarkən diqqətli olmaq lazımdır: Bayram süfrəsində xüsusi yer tutan balıq alarkən məhsulun təzəliyindən əmin olmaq vacibdir. İstehlakçılarlar hazır yeməkləri alarkən onların istehsal və son istifadə tarixləri ilə tanış olmalıdırlar. Allergiyası olan şəxslər isə qidaların tərkibindəki inqridiyentlərə diqqət yetirməlidirlər. Ümumiyyətlə alış-veriş zamanı tez xarab olan soyudulmuş və dondurulmuş məhsulları sonda almaq məsləhət görülür. Çünki belə qidalar bakteriyaların çoxalması üçün əlverişli mühit hesab edilir.