İnnab dünyanın bir çox bölgəsində, xüsusilə də Çin və Hindistanda geniş yayılmışdır. Azərbaycanda da innab çox sevilir. Bu meyvə həm təzə, həm də qurudulmuş formada istehlak edilir və bir çox faydalı xüsusiyyətlərə malikdir.

Foodinfo.az xəbər verir ki, innab vitaminlər və minerallarla zəngindir. O, xüsusilə C vitamini baxımından zəngindir ki, bu da immun sistemini gücləndirir və bədəni xəstəliklərdən qoruyur. Bundan əlavə, innabın tərkibində B qrupu vitaminləri, kalium, dəmir, kalsium və fosfor da vardır. İnnabın yüksək lif tərkibi həzm sisteminin fəaliyyətini dəstəkləyir, mədə-bağırsaq sistemində nizamlı hərəkəti təmin edir və qəbizliyin qarşısını alır.

İnnabın antioksidant xüsusiyyətləri bədəni sərbəst radikalların zərərindən qoruyur və xərçəng riskini azaldır. C vitamini və flavonoidlər sayəsində innab ürək-damar sağlamlığını dəstəkləyir, qan təzyiqini tənzimləyir və ürək xəstəliklərindən qoruyur. İnnabın tərkibindəki dəmir anemiyanın (qan azlığı) qarşısını almağa kömək edir, qan dövranını yaxşılaşdırır və bədənə enerji verir.

Bu meyvə təbii sakitləşdirici və antistress xüsusiyyətləri ilə də tanınır. Çin təbabətində innab uzun müddət əsəbilik, yuxusuzluq və narahatlıq kimi problemlərin müalicəsində istifadə edilmişdir. İnnabın tərkibindəki təbii maddələr beyin fəaliyyətini tənzimləyir və daha dinc bir yuxu təmin edir.

Onun antioksidant və antiinflamatuar xüsusiyyətləri dəri sağlamlığına müsbət təsir göstərir. O, dəri hüceyrələrini yeniləyir, qocalmanın qarşısını alır və sızanaqların yaranmasını azaldır. Eyni zamanda, innabın saçların sağlam uzanmasına və saç tökülməsinin qarşısını almağa kömək edən tərkib hissələri vardır.

Təzə innab meyvəsi şirəli olur, dadı bir az alma ilə xurma qarışığına bənzəyir. Qurudulmuş innab isə quru meyvə kimi yeməklərdə və şirniyyatlarda istifadə olunr. Həmçinin innab çayı da geniş istifadə olunur və rahatlaşdırıcı təsiri ilə tanınır.