Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə noyabrın 6-da CEO Lunch çərçivəsində “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri ilə görüşüb. “Caspian European Club”dan  verilən məlumata görə, Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər ay təşkil olunan CEO Lunch dövlət və özəl sektor arasında dialoqun qurulması üçün aparıcı vasitələrdən biri olmaqla yanaşı, həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. Keçən il iyulun 1-də fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyinin yaranması prosesində müasir şərtlər və yeni, o cümlədən biznes tərəfindən irəli sürülən təşəbbüslər nəzərə alınıb. Bununla yanaşı, qarşıya dəyər zəncirinin bütün halqalarını əhatə edən və risklərin təhlilinə əsaslanan ərzaq təhlükəsizliyi sisteminin formalaşması üzrə konkret vəzifə qoyulub. CEO Lunch zamanı R.Rüstəmzadə qeyd edib ki, qida təhlükəsizliyi sahəsində mərkəzləşdirilmiş idarəçilik mexanizminin tətbiqi resurslara qənaət olunmasına, istehlakçıların maraqlarını qorumağa, idxal və ixrac əməliyyatları zamanı sənədlərin rəsmiləşdirilməsini asanlaşdırmağa, həmçinin ölkəyə idxal olunan ərzaqların təhlükəsizliyinin qorunmasına, sahibkar subyektlərində həyata keçirilən yoxlamaların sayını azaltmağa və onların şəffaflığını təmin etməyə imkan yaradacaq. Bundan əlavə, beynəlxalq qida təhlükəsizliyi standartlarının tətbiqi Azərbaycanda istehsal olunan malları inkişaf etmiş ölkələrin bazarlarında rəqabətədavamlı edəcək və onların ixrac potensialını artıracaq, strateji yol xəritəsinin ölkəmizdə kənd təsərrüfatı mallarının istehsalı və emalı ilə əlaqədar müvafiq bəndlərinin icrası təmin olunacaq. “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxışında diqqətə çatdırıb ki, qida təhlükəsizliyi sahəsinin, demək olar ki, ictimai fəaliyyətin bütün sahələrində aktuallığına və iqtisadiyyatın bu sahəsinin stimullaşmaya, eyni zamanda, bu cür işgüzar və dostluq şəraitində keçən tədbirlərin təşkilinə ehtiyacı var. Sonra “Caspian European Club”un fəxri üzvlük sertifikatı Rüstəm Rüstəmzadəyə təqdim olunub. “Caspian European Club”un hazırkı və yeni üzv şirkətlərinə sertifikatlar verilib. CEO Lunch Baku-nun baş sponsoru “Gazelli Group” Məhdud Məsuliyyətli Cəmiyyətidir, öz ətrafında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir, onun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa və Çexiyada səlahiyyətli nümayəndələri var.