Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan müraciət əsasında Kürdəmir rayonunun Atakişili kəndində fəaliyyət göstərən “Cavidan” marketdə plandankənar yoxlama aparıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, həmçinin istehlaka yararsız qida məhsullarının satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.