Çörək nəinki evimizin, eləcə də torpağımızın, xalqımızın ruzisidir. Hər bir ailə, hər bir qadın, hər bir insan çörəyə ehtiram göstərməyə borcludur. Bu ehtiramın bir əsas forması da evdə-ailədə çörək və çörək məmulatlarından doğru və səmərəli istifadə etməkdir. Ailədə bununla əlqədar vacib olan məsələlərdən biri də çörəyin necə saxlanmasıdır. Çörək dondurucuda çox daha uzun müddət saxlanıla bilər. Bir neçə gün ərzində istifadə edəcəyimiz çörəyi soyuducuda saxlamaqla onun küflənməsini aradan qaldırmaq olar. Gün içərisində istehlak çörəyin təzə və yumşaq qala bilməsi üçün; qapaqlı bir çörək qutusunda, qida şkafında paket içində, sərin, qaranlıq və quru bir mühitdə saxlanması lazımdır. Çörəyin mühafizə edildiyi mühit təmiz olmalıdır. İsti çörək bir müddər soyuyandan sonra paketə qoyularaq saxlanmalıdır. Çünki çörək isti ikən paketə qoyulduğunda nəmlənər. Bu da çörəyin küflənməsinə səbəb olar.   İsti havalarda kiflənməni önləmək üçün çörəyin soyuducuda saxlanması ən etibarlı üsuldur. Lakin soyuducudan çıxarılmış çörəyi istifadə etməzdən bir saat qədər əvvəl soyuducudan çıxarmaq, otaq temperaturu halına gətirmək lazımdır. Əgər çörək gərək olandan çox alınmışsa, alındığı gündən dondurucuda mühafizə etməklə istifadəyə yararlı halda mühafizə etmək olar. Çörəyin mühafizə edildiyi zaman paketdə buxarlaşmadan yaranan su damcıları görünərsə, paket dərhal dəyişdirilməli və ya çörək təmiz bir kağız dəsmala sarılaraq saxlanmalıdır. Çörək bizim o qədər müqəddəs nemətimizdir ki, ruzimiz kimi hər zaman qədrini bilməli, evimizdə çörək israfına yol verməməliyik. Çörəyə hər evdə göstərilən hörmət, diqqət ümumi anlamda xalqın bərəkət, ruzi müqəddəsliyinə elliklə cavabdehliyi, məsuliyyəti deməkdir. Odur ki, çörəyi lazım olan qədər almalı, artıq qaldığında onu saxlamq və yenidən istifadə etmək lazımdır. Evdar xanımlar çörəyi bir neçə gün istifadə üçün yararlı vəziyyətdə saxlamağın üsullarını bilirlər. Müxtəlif mənbələrdən topladığım belə bu üsullardan bir neçəsini sizin də diqqətinizə çatdırıram. 1. Çörəyi uzun müddət saxlamaq üçün bir torbaya qoyun və hava girməsinin qarşısını alın. Bu yolla çörəyi 5-6 gün saxlamaq olar. 2. Çörəkləri çörəkqabında uzun müddət saxlamaq üçün kiçik bir qabın içərisinə bir qədər duz töküb çörəkqabının bir küncünə qoyun. 3. Çörəkqabının içərisinə soyulmuş kartof və ya alma qoymaq da çörəyin uzun müddət təzə qalmasına kömək edər. 4. Boyat çörəkləri yumşaltmaq üçün üzərinə su səpin. Sonra folqa kağızına bükərək 5-10 dəqiqə sobada saxlayın. 5. Boyat çörəklərdən kotlet bişirərkən istifadə edə, həmçinin şorba ilə birlikdə qızardaraq süfrəyə verə bilərsiniz. 6. Boyat çörəkləri mikserdə una çevirin. Sellofan torbaya töküb buz yerində saxlayın. Bu undan istədiyiniz vaxt kotlet və ya başqa yeməklərdə istifadə edə bilərsiniz.   7. Boyat çörəkləri kub şəklində doğrayıb qızartdıqdan sonra ağzı bağlı bir qaba yığıb şorbalarda istifadə etmək üçün soyuducuda saxlaya bilərsiniz. 8. Bir qabın içərisinə 2 ədəd yumurta, pendir (adi pendir və ya holland pendiri də ola bilər) zeytun yağı və istədiyiniz ədviyyatları tökün. Daha sonra sürtgəcdən keçirilmiş bir pomidor əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra bu qarışıqdan boyat çörək dilimlərinin üzərinə sürtün. Sobada üstü qızarana qədər bişirdikdən sonra götürün. 9. Çörəyi düz kəsmək üçün bıçağınızı oda tutaraq və ya 2-3 dəqiqə qaynar suda saxlayaraq işinizi asanlaşdıra bilərsiniz. 10. Ağ çörək ilə qara çörəyi bir yerdə saxlamayın. Əks təqdirdə qara çörəyin qoxusu ağ çörəyə hopar və ağ çörəyin ətri və dadı da dəyişər. 11. Quru çörəyi yumşaltmaq üçün onu bir dəqiqəliyə suya, yaxud daha yaxşı olar ki, südə salıb sonra 2-3 dəqiqəliyə isti sobaya qoyasınız. 12.Qara çörəyi qazana yığıb qapağını örtdükdən sonra üstdən dəsmal ilə möhkəm sarıyıb bağlayın və yaxud 10 dəqiqə müddətində başqa qazanda qaynar suyun içərisində saxlayın, çörək yumşalacaq. 13. Çörəyin uzun müddət ətirli və ləzzətli olması üçün onu saxladığınız emallı qazanın dibinə azca vanilin səpərək qapağını sellofan ilə örtüb basdırın. 14. Suxarı və yaxud quru çörək təzə çörəyə nisbətən mədə problemi olanlar üçün daha xeyirlidir və asanlıqla həzm olunur.   Müəllif: Akif Əhmədov