Hərbçi yoldaşları deyirdilər ki, hələ müharibə başlamazdan əvvəl keçirilən təlim kurslarında iştirak etmək istəməyib ki, birdən müharibə başlayar, mən də təlimlərdə olaram, iştirak edə bilmərəm. O, hərbi xidmətini də öz istəyi ilə ön cəbhədə çəkib. Amma həmişə deyirdi ki, mən burada qisasımızı ermənilərdən istədiyim kimi ala bilmirəm. Hər zaman müharibənin başlanılmasını, orada iştirak etməsini istəyirdi".
Foodinfo.az xəbər verir ki, bunu Trend-ə 33 yaşlı şəhid Şəhriyar Abdullayevin qardaşı Tural Abdullayev deyib.
Onun sözlərinə görə, qardaşı hərbi xidmətini başa vurduqdan sonra atası onun polis orqanlarında işə düzəlməsini istəyib. Ş.Abdullayev sənədlərini verdikdən sonra polis orqanlarına işə qəbul olsa da, son anda fikrindən daşınır:
"O, atamdan xəbərsiz sənədlərini götürüb Xüsusi Təyinatlı Qüvvələrə qəbul üçün verdi. XTQ-yə qəbul oldu və 2012-ci ildən orada gizir kimi çalışmağa başladı".
T.Abdullayev qeyd edib ki, qardaşı Ş.Abdullayev 2016-cı il Aprel döyüşlərində də fəal iştirak edib. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-leytenant Hikmət Mirzəyev tərəfindən medal və diplomla təltif edilir.
Qardaşının II Qarabağ müharibəsinin başlanıldığı ilk gündən döyüş bölgəsinin qaynar nöqtələrində vuruşduğunu deyən T.Abdullayev qeyd edib ki, qardaşı Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. O, Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub:
"Döyüş yoldaşları deyirdilər ki, oktyabrın 9-10-da 50-dən çox ermənini məhv edib. Oktyabrın 10-da isə ermənilərin atdığı snayper nəticəsində başından yaralanaraq həlak olub".
Qeyd edək ki, T.Abdullayev ailəli olub. Onun 4 və 5 yaşlarında iki qız övladı var.