Kofe-art ustası Elvina Kərimin müsahibəsi
Yəqin ki, ətrafınızda xeyli kofesevər var. Müsahibim də kofeni çox sevir, ancaq içməyi yox, onunla rəsm çəkməyi. Nəticədə də kofe ətirli rəsmlər ərsəyə gəlir...
- Bildiyim qədərilə ölkəmizdə bu işlə məşğul olan ilk rəssamsız. Bəs, kofedən rəsm çəkmək istəyi necə yarandı?
- Memarlıq və İnşaat Universitetini bitirmişəm. Ancaq oxuduğum müddətdə öyrəndim ki, memarlıq məni elə də çəkmir. Odur ki, rəssam kimi fəaliyyət göstərməyə başladım. Memarlıq fakültəsinin mənə qazandırdığı ən böyük şey hazırda məşğul olduğum kofe-artdır. Universitetdə rəsmdən sərbəst işlər hazırlayırdıq. Fərqlilik olsun deyə, kağızlarda köhnə ab-hava yaratmaq istəyirdim. Ona görə müxtəlif vasitələri sınamışam. İlk yoxladığım “zelyonka” oldu. Vərəqlərə təbii yaşıl rəng verməyə çalışırdım. Ancaq o, elə də effektiv üsul olmadı. Odur ki, mən də kofeyə keçdim. Daha sonra gördüm ki, kofeylə şəkil çəkmək də olar və bu sahədə özümü təkmilləşdirmək qərarına gəldim.
- Kofe ilə çəkilmiş rəsmlərin ənənəvi boyalarla çəkilmiş işlərdən fərqi nədir?
- Bəyənmədiyiniz təqdirdə boyaları asanlıqla su ilə silə bilərsiz. Ancaq kofeni sildikdən sonra kağız istifadəyə yararlı olmur. Gərək fikirlərini tam toplayıb nə çəkmək istədiyini öncədən qərarlaşdırasan. Bundan başqa, bir rəngdən istifadə etdiyiniz üçün kölgə və işıqla oynamğı yaxşı bacarmalısınız. Qara qələm və ya boyalarla istədiyiniz portreti çəkə bilərsiz. Ancaq kofeylə çəkən zaman mimika və əlverişlilik baxımından seçim etməli olacaqsız.
- Şəkil nə qədər müddətə qala bilər və ya hansı şəraitdə saxlamaq lazımdır?
- Üstünə yaş bir şey dəyməməlidir. Nəm yerdə saxlamaq da olmaz.
- Hazırda ölkəmizdə bu işlə məşğul olanlar var, yoxsa bircə sizsiz?
- Xeyr, başqasını tanımıram. Anam incəsənəti sevən insan olduğu üçün ailədə həmişə mənə dəstək olub. Hərdən dostlarım zarafat edir ki, biz içirik, sən gör nəyə istifadə edirsən. Hətta bəzən həyəcanlı formada yazırlar ki, “Girdik mağazaya, satıcı dedi ki, kofe yoxdur, hamısını Elvina alıb”.
- Bəs kofeylə çəkilmiş rəsmlərə maraq necədir? Yəqin ki, sifariş də götürürsüz.
- Qələmlə və ya boyayla çəkilmiş işlərə nisbətən maraq böyükdür. Hamı boyayla çəkir, geniş yayılıb. Ancaq kofe yenilik olduğu üçün insanlara fərqli gəlir. Daha çox portret istəyirlər, ancaq xeyli mənzərə də satmışam. Məsələn, iki dəfə Qız Qalasını çəkmişəm, çox bəyənmişəm. Fikirləşmişəm ki, özümdə saxlayım. Ancaq ikisi ilə də maraqlanıb alıblar.
- Marağın böyük olduğunu dediz. Sirr deyilsə, işlərinizin qiymətini öyrənərdik.
- Sifariş zamanı da deyirəm ki, adi qələmlə çəkilmiş portreti hər yerdə tapmaq olar. Amma kofe ilə işlər fərqlidir. Bu da qiymətə öz təsirini göstərir. Məsələn, portretlərin böyük formatını 100 manata, balacasını isə 70 manata çəkirəm. Mənzərələr isə fərqlidir.
- Tanınmış bir neçə şəxsin portretini də çəkmisiz.
- Miri Yusif, Hüsniyyə Məhərrəmova, Nisə Qasımova və bir çoxunu çəkmişəm və onlara hədiyyə etmişəm. Miri Yusif çox bəyənmişdi. Demişdi ki, onun çox şəkli çəkilib, ancaq kofe ilə ilkdir. Nisə Qasımovanın isə kofeni çox sevdiyini eşitmişdim. Ona görə kofe ilə çəkdiyim portretini ona hədiyyə etdim.
Kofe mənim üçün sənətdir. Siz onu içirsiz, bir müddət sonra başqa içkiyə sevginiz yarana bilər. Ancaq mənim üçün bu, dəyərlidir. Tarixə baxanda görərik ki, rəsm əsərləri üçün yumurtanın sarısından, çaxırdan və bir çox bu kimi təbii vasitələrdən istifadə ediblər. Kofe də onlardan biri.
- Bu sahədə gələcək üçün planlarınız nələrdir?
- Qarşıma qoyduğum əsas məqsəd kofe işlərindən ibarət sərgidir. Hazırda da onun üçün çalışıram. Bundan başqa, kurs açmaq istəyərdim.
- Qiymətinin fərqli olduğunu dediz, az-çox texnikasını da göstərmisiz. Bəs rəssamlar sabahdan kofe ilə işləməyə başlasa necə?
- İnanmıram ki, hansısa rəssam təkrarlamaq niyyətində olsun. Rəssamlar yenilik etməkdə daha maraqlıdır, nəinki kimisə yamsılamaq. Rəsm müəlliməsi kimi dərs deyirəm. şagirdlərimin yaşı az olduğu üçün onlara rənglə öyrədirəm. Ancaq inanıram ki, gələcəkdə kofe ilə şəkillər çəkmək onlara maraqlı gələcək. Onda işin bütün xırdalıqlarını öyrədəcəyəm.
- Bəs kofeni rənglərlə qatmaq necə alınar?
- Onu da sınamışam. İlk işlərimdə tünd və açıq rəng almaq üçün ağ və qara rəng qatırdım. Sonradan bu yolun doğru olmadığını gördüm.
- Getdikcə boyaların qiyməti bahalaşır. Kofe ilə rəsm çəkməyin həm də büdcəyə qənaət olduğunu deyə bilərik?
- Hələ ki, kofe sərf edir. Ancaq kofenin də qiyməti qalxır. Əvvəllər az istifadə edirdim. Ancaq hazırda tünd rənglər almaq üçün daha çox istifadə edirəm. Türk kofesini də yoxlamaq istəyərəm. Bir dəfə bişirməyə cəhd etdim, alınmadı.
- İndiyə kimi çəkmək istəyib risk etmədiyiniz rəsmlər var?
- Bir atamı, bir də həyat yoldaşımı çəkməmişəm. Evdə hamını çəkmişəm. Ancaq atanın o ağırlığı ki var… Birdən bəyənməz deyə risk edib çəkə bilmirəm.
- Bəs ətrafınızda sizdən onu çəkməyini istəyən çox olur?
- O qədər olur ki,.. “Yox” demək bacarığım da olmadığı üçün hamıya “hə” deyirəm. Ancaq vaxtında da çəkmirəm, nə yalan deyim. Bir qohumuma o, ailə quranda ona rəsmini hədiyyə edəcəyimi demişdim, 1 həftə sonra evləndi.
Qafqazinfo
Günel Hacı
Fotolar-Video: Nuran Məmmədov