Son aylar uşaqlar arasında kəskin virus infeksiyası yayılıb. Əsas əlamətləri quru öskürək, yüksək hərarət, halsızlıq olan bu xəstəlik bəzən bir həftəyə qədər uzanır və uşaqları çox süstləşdirir.
Foodinfo.az aztib.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin ІІ Uşaq xəstəlikləri kafedrasının müdir əvəzi, professor Nailə Sultanova müşahidə edilən xəstəliyi mövsümi qrip kimi xarakterizə edib. Onun sözlərinə görə, davamlı isti havadan sonra temperaturun soyuması uşaqlar arasında mövsümi xarakter daşıyan infeksiyaların yayılmasına şərait yaradır. Odur ki, payız və qış aylarında uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. Bu qripin yayılmasına soyuq havalarla yanaşı, həm də uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların yenidən işə başlaması şərait yaradır.
“Məhz bu səbəbdən virus infeksiyalarına daha çox məktəbəqədər və məktəbyaşlılar arasında rast gəlinir. Bu infeksiyaların yayılmasına əsas səbəb kollektiv yerlərdə qripi törədən adeno, rino, rota, para qrip kimi yüzlərlə virusların olmasıdır. Qrip virusları hər yaş qrupundan olan uşaqlarda rast gəlinən və ağır fəsadlarla nəticələnən xəstəliklərə aid edilir”.
Professor N.Sultanova bildirib ki, uşaqlar arasında qripə yoluxma riski böyüklərə nisbətdə daha çoxdur. Buna səbəb uşaq orqanizminin daha həsas olması, immun sisteminin tam formalaşmaması, böyümə və inkişaf proseslərinin daim olması maddələr mübadiləsinin sürətlə getməsi, orqan və toxumaların qan təchizatı ilə zənginliyi, virusların və bakteriyaların inkişafına şərait yaradaraq uşaqlarda xəstələnmə riskini artırır.
Mütəxəssisin sözlərinə görə, uşaqlarda mövsümü qriplərin ümumi oxşar kliniki əlamətləri ilə yanaşı, törədicilərindən aslı olaraq fərdi xüsusiyyətləri də var: “Belə ki, ümumi qrip simptomları ilə yanaşı, rota virus törədicisi qusma və ishalla, adenovirus zamanı konyuktivit, rinovirus tonzilit, sinusit kimi əlamətlərlə də özlərini büruzə verir. Qrip, ilk növbədə, ağırlaşmaları ilə təhlükəlidir. Bu ağırlaşmalar sırasına pnevmoniya, meningit və ensefalit, miozit, otit, rinit, sinusit və bronxit aiddir. Premorbit fonu olan (raxit, hipotrafiya, anemiya və s.) erkən yaşlı uşaqlarda və xroniki xəstəlikləri (bronxial astma, revmatik qızdırma, ürək damar xəstəlikləri və s.) olan uşaqlarda qripin fəsadlaşması erkən müşahidə edilərək daha tez zamanda kəskin ağırlaşmalarla nəticələnə bilər”.
N.Sultanova qeyd edib ki, qripi öz axarına buraxmaq, evdə müalicə etmək və ələxsus da, xəstəliyin öz-özünə keçməyini gözləmək olmaz. Bu məsələdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Hər bir valideyn uşaqlarda qripin əlamətlərinin olduğunu, hansı həkimə müraciət etməyi və profilaktik tədbirləri bilməlidir. Valideynlərlə daimi olaraq maarifləndirilmə işi aparılmalı, uşaqlara vitaminlərlə zəngin keyfiyyətli qida ilə qidalanmaları, gigienik qaydalara riayət etmələri başa salınmalıdır. Tədbiq olunan müalicə patogenetik və simptomatik olmalıdır. Medikamentoz müalicə mütləq həkimin göstərişinə uyğun aparılmalıdır. Özünümüalicə ağır fəsadlara yol aça bilər.
Virusla əlaqəni tamamilə kəsməyin mümkünsüz olduğunu deyən professor insanların çox olduğu yerlərdən uzaq olmağı məsləhət görüb. Bildirib ki, virus infeksiyası bir yerə düşdüyü zaman sürətlə yayılır. Bu səbəbdən uşaqların həmin mühitə getməsi virusun sürətlə yayılmasına səbəb olur: “Qrip zamanı əlavə qoruyucu tədbirlərə ehtiyac var. Buraya virusun havadakı konsentrasiyasını azaltmaq məqsədilə otağın havalandırılması, əllərin tez-tez yuyulması (təkcə yeməkdən əvvəl yox), antiseptik yuyucu vasitələrlə otaqların müntəzəm təmizlənməsi aiddir".
Professor Nailə Sultanova əlavə edib ki, qripə qarşı immunizasiya prosesi mövsümü qrip başlamazdan əvvəl aparılmalıdır. Vaksinlərlə immunizasiya infeksiyanın yayılmasından öncə aparılmalıdır ki, xəstəliyin epidemik yayılma dövrünə qədər insanlarda yeridilmiş preparata qarşı immun cavab formalaşsın. Vaksinasiyadan sonra vaksin vurulmuş şəxsin bədənində anticismlər 12-15 gündən sonra aşkarlanır.
“Qrip virusu praktik olaraq hər il mutasiya etdiyi üçün ona qarşı dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər uşaq cari mövsümdə qripə yoluxmuşdursa, bu, o demək deyil ki, virusun başqa ştammı ilə qarşılasa vəziyyət bir də təkrarlanmayacaq. Ona görə də qrip əleyhinə peyvəndləməni hər il arapmaq lazım gəlir. Hər mövsüm üçün qrip peyvəndi istehsal olunur, bunlara Ümumdünya Səhiyyə Təşkilatı (ÜSM) tərəfindən proqnozlaşdırılan qrip viruslarının (ən azı 3) faktiki ştammları daxildir”, - deyə mütəxəssis qeyd edib.
Həkim bildirib ki, mövsüm dəyişikliyi uşaqlarda həm də allergik xəstəliklər üçün trigger faktoru olaraq xəstəliklərin kəskinləşməsinə təkan vermiş olur. Belə ki, allergik xəstəliklər ilin bütün fəsillərində olmasına baxmayaraq, bəzi allergiyalar mövsümi xarakter daşıyır. Allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti kəskin respirator virus infeksiyalarına meyillidirlər. Uşaqların sağlamlığına diqqət etmək qrip və respirator virus infeksiyalarının profilaktikası üçün tövsiyələri həyata keçirmək, sağlamlığı qorumağa və uşaqların həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
İqlim dəyişkənliyi, əhali sıxlığının artması, miqrasiya axını, biotexnologiyanın inkişafı, iqtisadiyyatın qloballaşması və digər amillər yeni infeksiyaların yaranmasına və yayılmasına rəvac verir. İnfeksion xəstəliklərin epidemiyaları ilə əlaqəli bioloji təhlükələr qlobal xarakter daşıyır. Bütün dünya ölkələri infeksiyaların meydana gəlməsinin və yayılmasının qarşısını almaq, vaxtında diaqnoz qoymaq, müalicə və profilaktik metodları inkişaf etdirmək və vaksinlər yaratmaq üçün koordinasiya olunmuş tədbirlərə hazır olmalıdırlar.