Bir çoxları sükan arxasında qidalanmanı vərdiş halına salıb. Xüsusilə uzaq yol gedənlər və vaxtının çox avtomobildə keçirənlər bunu edir. Tanınmış dietoloq Leyla Zülfüqar Foodinfo.az-a açıqlamasında bildirib ki,tələsik qidalanma daha çox meqapolislərdə yaşayan insanlarda müşahidə edilir: “İşə yetişərkən və sair işlərin arxasınca gedərkən sükan arxasında qidalanırlar. Bu zaman isə daha çox fastfoodlara üstünlük verilir. Tez hazırlanan fastfood qidalarının ziyanlı olması barədə hər zaman danışırıq. Çünki bu qidaların bişirilmə forması yanlışdır. Bədəndə mübadilə sisteminin pozulmasına səbəb olan ən başlıca amildir”. Ekspertin sözlərinə görə, əslində bu qidalara alternativ yaratmaq mümkündür: “Tutaq ki, insan az vaxtda qida hazırlamalıdır və sükan arxasında yeməlidir. Bu zaman fastfood əvəzinə, çiy tərəvəzlər, meyvə, meyvə qurusu istifadə etmək daha məqsədəuyğundur”. Məlumat üçün bildirək ki, “Yol hərəkəti haqqında” qanunvericiliyə əsasən sükan arxasında qidalanma qayda pozuntusu hesab edilmir. Ayxan/Foodinfo