Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində regionlarda yerləşən ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir. Foodinfo.az verilən məlumata görə növbəti görüşlər Samux rayonu Əhmədbəyli kənd tam orta məktəb, Lənkəran şəhər 10 nömrəli tam orta məktəb, Xırdalan şəhər 9 nömrəli tam orta məktəb, Tərtər rayon 6 saylı tam orta məktəb, Qusar rayon 4 nömrəli tam orta məktəb və Şəmkir rayonu Düyərli kənd 2 saylı tam orta məktəbin şagirdləri ilə keçirilib. Görüşdə şagirdlərə Agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi nəzərdə tutulub.  Nurlan