Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə keçirilən “VI İqtisadiyyat və İdarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransı” uğurla başa çatıb.

Maraqlı müzakirələrlə yadda qalan konfransda təsisçimiz və Qrup baş icraçı direktoru Aydın Talıbov “Dayanıqlı İnkişaf yolunda ortaq rəqabət: Əsas istiqamətlər və çətinliklər" panelinin spikeri olaraq çıxış edib. Çıxışında, o, dünyada böyük şirkətlərin ölkə iqtisadiyyatına və cəmiyyətə verdiyi töhfələrdən bəhs edib. Böyük şirkətlərin hər bir ölkənin qürur mənbəyi olduğuna diqqət çəkən Aydın Talıbov, “Necə ki, almanlar öz Mercedes, BMW kimi markaları ilə qürur duyurlar, biz də böyük şirkətlərimizlə qürur duymalıyıq” deyib.

Bizneslər yalnız qazanc əldə etmək üçün deyil, xalqa xidmət etmək üçün fəaliyyət göstərir. Bu fəlsəfə ilə, qərb ölkələrində böyük bizneslərin ölkənin sosial inkişafı naminə gəlirlərinin bir qismini xeyriyyə fondlarına bağışladığının tez-tez şahid oluruq. "Arzumuz odur ki, Azərbaycan bizneslərinin də cəmiyyət və özəl sektor münasibətləri bu yetkinlik səviyyəsinə gəlmiş olsun. Hesab edirəm ki, vaxt gələcək, Veysəloğlu Şirkətlər Qrupu 50% hissəsini vətəninə faydalı olmaq üçün xeyriyyə məqsədi ilə ianə etməklə bu nümunəni nümayiş etdirəcək”.

Aydın Talıbov çıxışında, şirkətlərin daha uğurlu olması üçün dövlət və biznes arasındakı əməkdaşlığın zəruriliyindən, cəzasız idarəetmə mühiti və qanunların biznes yönümlü tənzimlənməsinin əhəmiyyətindən bəhs edib. O, dövlət və biznes arasında bəzi mövzularda fikir ayrılıqlarının olmasını təbii proses hesab etdiyini bildirib və iqtisadiyyatın rifahi üçün ortaq nöqtənin tapılması baxımından tərəflərin daim dialoqda olmasının əhəmiyyətinə toxunub. Bu baxımdan, ölkədə özəl sektor və dövlət arasında dialoqun intensivliyinin artmasına, faydalı və effektiv müzakirələrin təşkil olunmasına diqqət çəkərək, təşəbbüskarlara təşəkkürünü bildirib. O, xüsusi ilə COVİD-19 pandemiyası zamanı dövlətin özəl sektora verdiyi dəstəyin bu münasibətlərdə yaxşı nümunə təşkil etdiyini xatırladaraq, bu kimi yanaşmalardan xüsusi razılığını ifadə edib.

Dünyanın inkişaf etmiş ölkələrində şəbəkə marketlərin iqtisadiyyatın inkişafında və tənzimlənməsində mühüm rol oynadığına vurğulayan Aydın Talıbov, ölkəmizdə də şəbəkə marketlərin bu istiqamətdə verdiyi töhfələrə diqqət çəkib: “Azərbaycanda şəbəkə marketləri yaranmazdan əvvəl əhali qida təhlükəsizliyi, xidmətin keyfiyyəti ilə bağlı suallarını hara ünvanlayacağını bilmirdi. İndi isə şəbəkə marketlərinin sayəsində müştərilər öz tələb və istəklərinin ünvanını dəqiq bilirlər. Şəbəkə marketlərinin öhdəsinə götürdüyü bu funksiya ölkədə müasir ticarətin və xidmət keyfiyyətinin artmasına gətirib çıxarır”.

O çıxışında, şəbəkə marketlərinin yerli istehsalı dəstəkləməsi mövzusuna da toxunub. Şirkətlər Qrupunun təkcə 2023-cü il ərzində 1,5 milyard manat dəyəri olan məhsulu yerli istehsalçılardan, 100 milyon manatdan çox dəyəri olan kənd təsərrüfatı məhsulunu isə fermerlərdən aldığını vurğulayan Aydın Talıbov əlavə olaraq bildirib ki, məhsul istehsalını düzgün planlaşdıra bilmədiyi üçün satışda çətinlik yaşayan və iflasa yaxın vəziyyətdə olan şirkətlər şəbəkə marketlərlə əməkdaşlıq sayəsində dayanıqlılığa nail ola biliblər. Sitat: “Şəbəkə marketləri fermerlərlə birbaşa işləməyə başlayandan, onlar da işlərini düzgün planlaşdırmağa başladılar. Şəbəkə marketləri ilə işləyən fermerlərin məhsulları israf olmur, çünki onları almağa söz verən şəbəkə marketləri var. Onlar, keyfiyyətsiz məhsul istehsal edə bilmir, çünki şəbəkə marketləri onlardan standartlar tələb edir. Şəbəkə marketləri fermerlərin inkişafına da maraqlı olduğu üçün onlara müxtəlif yollarla dəstək göstərir”. 

Şirkətlərin ətraf mühit mövzularında həssas olmasının vacibliyini bildirən Aydın Talıbov bu mövzuda şirkətimizdə 2023-cü il ərzində atılan addımlardan bəzilərini sadalayıb: “2023-cü ildə müştərilərimizi korporativ sosial məsuliyyət layihəmizə cəlb edərək mağazalarımızda 200 kq batareya toplamışıq. Bilirsiniz, batereya tullantıları təbiətə külli miqdarda ziyan vurur. Yeni və çoxtemperaturlu yük avtomobillərinin alınması üçün 8 milyon manat investisiya yatırmışıq, beləliklə, az avtomobil ilə daha çox iş görməyə çalışırıq ki, avtomobillərimizdən təbiətə daha az zərərli qaz ötürülsün. Lakin bunlar kifayət deyil. Hesab edirəm ki, tükənən resurslardan, xüsusi ilə sudan istifadəni azaltmaq üçün həm şirkətimizdə, həm də ölkəmizdə təbliğat işlərini gücləndirməliyik. Su israfı mövzusunda insanlarımız təəssüf ki, çox israfçılığa yol verir”.