Bu il sentyabrın 28-dən oktyabrın 18-dək Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində arıçılıq məhsullarının 20-ci bal yarmarkası keçiriləcək. Qeydiyyat müddəti sentyabrın 6-dan 11-dək olacaq. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfər olmaqla, növbəlilik əsasında müəyyən ediləcək. Foodinfo.az xəbər verir ki, bu barədə sentyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olab “Aqrar Tədarük və Təchizat” ASC, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Arıçılıq Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkasına həsr edilən mətbuat konfransında ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib. Bildirilib ki, yarmarkada iştirakı təsdiqlənmək üçün hər bir arıçının azı 20 ailəsi olmalıdır. Bundan başqa, iştirakı təsdiqlənmiş hər bir arıçı yarmarkaya maksimim 400 kiloqram bal və 30 ədəd arı şanı çıxara bilər.