“Tələbələrin əksəriyyəti təhsil müəssisəsindən kənarda qidalanır. Məsələn, yataqxanada. Azərbaycanın heç bir yataqxanasında yemək verilmədiyi üçün zəhərlənmələrin ali məktəbə aidiyyəti yoxdur. Həmçinin tələbələrin qidalanmasına nəzarət edilmir”.
Bu sözləri açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
O, zəhərlənənlərin hamısının qız tələbələr olduğunu təəssüflə vurğulayıb: “Bu onu göstərir ki, tələbələrimiz öz sağamlıqlarına, qidalanmalarına diqqət etmirlər. Mövsüm dəyişir, bu gənclərin immuniteti güclü deyil və zəif qidalanırlar. Həkim nəzarəti olmadan qəbul etdikləri qidalar bilavasitə həyatlarını təhlükəyə atır”.
Ekspertin fikrincə, hər bir ali təhsil müəsisəsində poliklinikası olmalıdır: “Bakı Dövlət Universitetində poliklinika var. Eyni zamanda, tələbələrlə psixoloji və fizioloji söhbətlər apara biləcək mütəxəssislər olmalıdır. Buna isə heç bir universitetdə rast gəlinmir. Ölkəmizdə 51 ali təhsil müəsisəsi var, burada 164 min tələbə təhsil alır. Onların 70 faizini bölgələrdən gələn tələbələr təşkil edir. Valideynlər bu dövrə qədər övladlarının qidalanmasına baxırdısa, artıq ali təhsil hissəsində belə dəstək və ya nəzarət yoxdur. Ona görə də xoşagəlməz hallar baş verir”.
Kamran Əsədov qeyd edib ki, dünya təcrübəsində “Date control” sistemi vasitəsilə tələbələr üçün konkret olaraq ərzaq almağa münasib bilinən yerlər seçilir: “Bu sistem həm keyfiyyət, həm qiymət baxımından uyğundur. Ali təhsil müəsisələrinin yaxınlığında fəst-fudlar tövsiyə olunmur. Azərbaycanda qanunvericilikdə qeyd olunsa da, biz bunları görmürük”.
Ekspertin sözlərinə görə, universitetlərlə yanaşı, orta məktəblərdə də eyni vəziyyət mövcuddur: “Təkcə tələbələrin zəhərlənməsindən danışmamalıyıq. Məktəblərin qarşısında müəyyən köşklər var ki, enerji içkiləri, siqaret, küçə yeməkləri satılır. Amma onların təhlükəsizliyinə nəzarət yoxdur.
Mən bir ay ərzində BDU-da 7 dəfə monitoriq aparmışam. Hər gün səhər qidalarla bağlı təhlükəsizlik, təmizlik, uyğunluq sertifikatlarını alırlar. Biz ötən illər də monitorinq aparırdıq, bu yox idi. Bütün alınan ərzaqların uyğunluğu və keyfiyyət göstəricisi BDU-da alınır. Məsələn, əvvəllər bir qənddan stol üzərində günlərcə qalırdısa, artıq yalnız masada kimsə əyləşdikdə qənddan qoyulur. Təəssüf ki, belə hallar universitetlərin daxilində gözlənilmir. Qənd, salfetka, istifadə olunan avadanlıqlar – gün ərzində istifadə olunur və dəyişdirilmir. Tələbələr həssas olan məsələlərə mütləq şəkildə nəzarət etməlidirlər”.
Ekspert bufetlərin universitetlərdən asılı olmadığına toxunub: “Mən olduğum ali təhsil müəsisələrində - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyasında yeməklərin qiyməti 3-4 manat arasındadır. Yəni, bu məbləğə bir tələbə günorta yeməyini rahatlıqla yeyə bilər. Lakin un məmulatları, şirniyyatların qiymətləri mağaza ilə müqayisədə bahadır. Bu da məhsulu gətirən şirkətdən asılı olan məsələdir. Universitetlərin bufetləri universitetə tabe deyil. Hər hansısa bir iaşə xidmət şirkəti tərəfindən orada fəaliyyət həyata keçirilir. Bütün tələbələr isti və ya soyuq yeməklər, qəlyənaltılardan istifadə etmirlər. Bun görə qiymətlər aşağı salınmalıdır”.
Kamran Əsədov tələbələrin qidalanmasında onlara müəyyən güzəştlərin tətbiq olunduğunu qeyd edib: “BDU-nun 24 min tələbəsi, 4 min xidmət göstərən əməkdaşı var. Gündəlik monitorinqimizə görə, onların 16 min nəfəri hər gün universitetin bufetindən istifadə edir. Universitetdə 5 minə yaxın tələbəyə günorta yeməyini pulsuz alması üçün 3 manatlıq kupon verilir ki, o dəyər kifayət qədər yetərlidir”.
Sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova düşünür ki, bu hadisələrin baş verməsinin əsas səbəbi tələbə və şagirdlərin qidalanmalarında fəst fud, mənşəyi bəlli olmayan ucuz qidalara üstünlük vermələridir: “Tələbələr gənclərdir, çox enerji sərf etsələr də, balanslı şəkildə qidalanmırlar. Məktəb və universitetlərdə saxlanma müddəti uzun olan qidalara üstünlük verirlər. Ən əsası bunların saxlanma qaydalarına əməl etmədikdə, zəhərlənmələrə səbəb olur”.
Ekspert qeyd edib ki, paketlənmiş məhsulun son istifadə tarixi bitməsə də, saxlanılma şərtləri zəhərlənməyə səbəb olur: “Bəzən məhsullar topdan gəlir, lakin soyuducuda yer olmadığı üçün açıq hava şəraitində saxlanılır. Sonradan soyuducuya qoyulur və bakteriyaların əmələ gəlməsinə səbəb olur. Təbii ki, bunun məsuliyyətini tələbə daşımır. O aldığı məhsulun hansı şəritdə saxlanıldığı ilə maraqlanmır”.
Mütəxəssis bildirib ki, əsasən aşağı risk qrupuna daxil olan qidalardan istifadə etmək məqsəduyğundur: “Enerji mənbəyi yüksək olan quru meyvələr, tər-meyvə tərəvəzlərə üstünlük vermək lazımdır. Fəst fud qidalarında bildiyiniz kimi “Çin duzu” deyilən natrium qlutamad var. Bu maddə asılılıq yaradır, insan bioloji doyum olduğunu hiss etmir və yemək istəyir. Mümkün qədər bu barədə maarifləndirmə tədbirləri çox keçirdirik ki, tələbələr bunun ziyanını anlayaraq təkrar o qidanı almasınlar”. (Teleqraf)
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər