Avokado, rafinə olunmamış bitki yağları və qoz-fındıq yağlı qidalardır, lakin onları yemək arıqlamağa kömək edə bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mariya Kapralova danışıb.

Onun sözlərinə görə, avokado ən güclü antioksidantlardan biridir və orqanizmdən toksinləri çıxarmağa, qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir. Bundan əlavə, avokadonun orqanizmdə xərçəng hüceyrələri ilə mübarizə apardığı sübut olunub.

Bitki yağları arasında badam, kətan, küncüt, xardal və günəbaxan yağları faydalıdır. Mütəxəssisin dediyinə görə, düzgün yağlar bədəni uzun müddət doyurur, bütün orqan və toxumaların sağlamlığını qoruyur, həmçinin dərinin və saçın vəziyyətini yaxşılaşdırır, immuniteti artırır, bütün mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır və yaddaşı gücləndirir. Yağlardan maksimum fayda əldə etmək üçün diyetoloq onları salatlara, taxıllara və smuzilərə əlavə etməyi tövsiyə edir.

Fındıq, qoz, püstə və yerfıstığı xüsusilə faydalıdır. Onlar lipid mübadiləsini yaxşılaşdırır, bu da arıqlamağa səbəb olur. Bundan əlavə, qoz-fındıq iştahı idarə etməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Onlar diabetin qarşısını alır və Altsheymer xəstəliyinin əla profilaktikasıdır.

Natəvan