Miqrenin qarşısının alınması və müalicəsi hətta həkim üçün də çətin bir işdir, çünki dərmanlar xəstənin bədəninə müxtəlif şəkildə təsir göstərir. Bununla belə, tədqiqatlar şəkərli limon şirəsinin miqren üçün effektiv bir vasitə ola biləcəyini göstərib.

 Foodinfo.az xəbər verir ki, bu barədə "Dr. Fox" onlayn aptekinin tibbi köşə yazarı və ümumi praktika həkimi Debora Li "The Mirror"a danışıb.

O, 2016-cı ildə aparılan araşdırmaya əsaslanaraq izah edib ki, bu sitrus içkisi miqrenin intensivliyini və şiddətini azaldır və propranolol dərmanı qədər təsirlidir. 

Limon şirəsinin bu təsirinin səbəblərindən biri güclü antioksidant olan C vitamininin bolluğu ola bilər.

“Hər gün bədəndəki hər bir hüceyrə enerji yaratmaq üçün oksidləşmə adlanan kimyəvi reaksiyalar həyata keçirir. Nəticədə, reaktiv oksigen növləri (RON) adlanan əlavə məhsullar əmələ gəlir. Bunlar elektrik yüklü hissəciklərdir və DNT-yə zərər verə bilərlər. Oksidləşdirici stress miqrenə səbəb olur. C vitamini kimi antioksidanlar isə bu RON-larla mübarizə aparır. Onlar hətta oksidləşdirici stressin də qarşısını ala bilərlər"- deyə həkim C vitamininin iş prinsipini izah edib.

Doktor Li C vitamininin detoksikasiyada mühüm rol oynadığına və fermentlərin həyati əhəmiyyətli kofaktoru olduğuna diqqət çəkib. Bundan əlavə, miqren xəstələri bol su içməli və su balansını qorumalıdırlar.

Həkim xatırladıb ki, müsbət keyfiyyətlərlə yanaşı, sitrus içkisi çox turş olduğundan diş minasına və mədəyə dağıdıcı təsir göstərə bilər. Buna görə də, hətta limonlu içkini belə, içməzdən əvvəl, həkiminizlə məsləhətləşmək lazımdır.