Dünya əhalisinin təxminən yarısının ən azı müəyyən dərəcədə D vitamini çatışmazlığından əziyyət çəkdiyi düşünülür. D vitamini çatışmazlığından əziyyət çəkən insanların isə sayının 1 milyarda çatdığı təxmin edilir. Xüsusilə sümük sağlamlığı üçün vacib olan bu vitamini günəş işığından və müxtəlif qidalardan əldə etmək olar. Çatışmazlıq halında əlavələr asanlıqla əldə edilə bilər. Bununla belə, bütün dünyada ciddi çatışmazlıq hələ də aradan qaldırıla bilmir.
Foodinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı “Nutrients” jurnalında araşdırma dərc olunub. Araşdırma məqaləsində alimlər D vitamini ilə bağlı tədqiqatları qiymətləndirib və bu problemin həlli üçün öz təkliflərini veriblər.
Əzələ və sümük sağlamlığının qorunmasında mühüm rol oynayan D vitamini qanda kalsium və fosfatı normal səviyyədə saxlamağa kömək edir. İmmunitet sisteminə də təsir edən bu vitamin dağınıq sklerozdan şəkər xəstəliyinə qədər müxtəlif xəstəliklərin qarşısını da alır. Tədqiqatçılar, həmçinin bildiriblər ki, D vitamini çatışmazlığı bədəni COVID (koronavirus) kimi yoluxucu infeksiyalara qarşı daha həssas edə bilər. D vitamini çatışmazlığı daha çox yaşlı və qaradərili insanlara təsir etsə də, hər kəs bu problemdən əziyyət çəkə bilər. Mütəxəssislər belə bir çatışmazlığın günəşdən və qidalardan kifayət qədər D vitamini almaması və ya orqanizmin vitaminləri lazımi şəkildə emal edə bilməməsi səbəbindən meydana gəldiyini bildiriblər.
Geniş yayılmış çatışmazlığın bir səbəbi həyat tərzi dəyişiklikləridir. Məsələn, insanlar artıq qapalı yerlərdə daha çox vaxt keçirirlər və buna görə də D vitamininin əsas mənbəyi olan günəş işığını kifayət qədər qəbul edə bilmirlər. Həkimlər tez-tez yorğunluq, sümük ağrısı, əzələ zəifliyi və pis əhvali-ruhiyyə kimi yollarla özünü göstərən D vitamini çatışmazlığı üçün bəzi məsləhətlər veriblər. Belə ki, günəş işığında daha çox vaxt keçirmək və pəhrizdə bəzi dəyişikliklər etmək faydalı ola bilər. Məsələn, qızılbalıq və sardina kimi yağlı balıqlar, yumurta sarısı, qatıq və göbələk istehlak edilməlidir. Bununla belə, mütəxəssislər D vitamininin artıq olmasının da zərərli olduğunu vurğulayıblar. Bu səbəbdən də vitaminlər həkim nəzarəti altında qəbul edilməlidir. Bundan əlavə, balıqdakı A vitamini yüksək miqdarda qəbul edildikdə sağlamlıq problemlərinə səbəb yarada bilər. Məhz buna da diqqət edilməlidir, çünki uzun müddət günəş işığında qalmaq günvurması və ya dəri xərçəngi kimi problemlərə yol açır.