Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına xəbərdarlıq edib. Foodinfo.az xəbər verir ki, idarədən verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar 2022-ci il mart ayının 20-dən 28-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir: “Belə uzunmüddətli istirahət günlərində şəhər sakinlərinin respublikanın müxtəlif regionlarına getməsi, bölgələrdən isə əhalinin əsasən paytaxta gəlməsi səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi əhəmiyyətli dərəcədə yüksəlir. Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövsümi hava və mövcud hərəkət şəraitini düzgün qiymətləndirmədən ötmə və manevr etmə qaydalarını pozmaları, eləcə də müəyyən edilmiş sürət həddini aşmaları yollarda qəzaların baş vermə ehtimalını artırır. Qeyd olunanları nəzərə alaraq, bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edirik”.