Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” ASC tərəfindən mütəmadi olaraq paytaxtın müxtəlif nöqtələrində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur.
Yasamal və Binəqədi rayonlarında şənbə və bazar yarmarkalarının təşkil edilməsi isə artıq ənənə halını alıb. Bu yarmarkalar yerli kiçik və orta fermer təsərrüfatlarının istehsal etdikləri kənd təsərrüfatı məhsullarının qiymətlərinin şəhərin digər satış mərkəzləri ilə müqayisədə daha münasib olması və çeşid zənginliyi ilə fərqlənir.
Yarmarkalarda ölkənin müxtəlif regionlarından gəlmiş fermerlər öz yetişdirdikləri məhsulları birbaşa alıcıya təqdim edirlər. Bu alış-veriş hər iki tərəf üçün sərfəlidir. Belə ki, fermerlər heç bir ödəniş etmədən məhsullarının satışı üçün alternativ satış kanalı əldə edirlərsə, alıcılar da təbii məhsulları birbaşa fermerlərdən almaqla ailə büdcələrinə qənaət etmiş olurlar.
Binəqədi rayonunda təşkil olunan yarmarkadan mütəmadi olaraq alış-veriş edən Zemfira Xəlilova da qiymətlərdən razı olduğunu bildirir: “Demək olar ki, yarmarkanın keçirildiyi ilk gündən bazarlığı burdan edirəm. Qiymətlərdən razıyam, hər məhsulun özünə uyğun qiyməti var. Məhsulların keyfiyyəti də məni qane edir. Yarmarka sayəsində bir neçə fermer dost da qazanmışam”.
Həmsöhbət olduğumuz digər alıcı isə Arif Əliyev oldu. O, yarmarkanın onun üçün əlverişli yerdə keçirildiyini və qiymətlərin ailə büdcəsinə uyğun olduğunu qeyd etdi: “Burdan iki bina uzaqda qalıram. Nə qədər məhsul alsam belə evə aparmaqda problemim olmur. Qiymətlər münasib olduğundan demək olar ki, hər zaman yarmarkadan əli dolu çıxıram”.
“Kənddən Şəhərə” yarmarkasından razılıq edən yalnız alıcılar deyil, məhsullarını satışa çıxaran fermerlər də şəraitdən razıdırlar.
Salyan ranoyunun Xalac kənd sakini Elmar İbrahimov yarmarkaya öz həyətinin üzüm məhsulunu gətirib. O, belə bir yarmarkanın keçirildiyindən internet vasitəsilə xəbər tutduğunu deyir: “İnternet yarmarkayla bağlı məlumatlar qarşıma çıxdı. Daha sonra təşkilatçı şirkətlə əlaqə saxladım, mənə şərtlər izah edildi. Məhsul satışı etmək üçün nə lazımdırsa, hamısını veriblər. Ən yaxşısı da odur ki, piştaxtalar ödənişsizdir. Hər həftəsonu məhsulumu götürüb yarmarkaya gəlirəm. Satışdan razıyam, alıcılarım var”.
Qeyd edək ki, yarmarka Binəqədi rayonunda Süleyman Sani Axundov küçəsi 5B ünvanında, Yasamal rayonunda isə Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yanı) hər şənbə və bazar günləri keçirilir.