Meyvə-tərəvəzlər sağlamlığa faydalı olsalar da, bəzən həssas mədəsi olan insanlara onları soyuq halda istehlak etmək narahatlıq yarada bilər. 

Foodinfo.az xəbər verir ki, soyuq qidalar, xüsusilə də meyvə və tərəvəzlər mədənin həzm prosesini yavaşladır. Mədə temperaturu nisbətən isti olduğu üçün soyuq qidalar bura daxil olduqda mədə daha çox enerji sərf edərək onları bədən istiliyinə uyğunlaşdırmalı olur. Bu da həzmin yavaşlamasına və bəzən həzm problemlərinə səbəb ola bilir.

Həmçinin bəzi insanlar soyuq qidalar yedikdə mədə turşusunun ifrazı azalır və bu, qidanın parçalanmasını çətinləşdirir. Bu proses qida yedikdən sonra şişkinlik, narahatlıq və ya qaz problemləri kimi simptomlara yol açır. Xüsusilə, həssas və ya mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün bu vəziyyət daha qabarıq olur.

Qastrit və ya mədə reflüksündən əziyyət çəkən insanlar üçün soyuq meyvə və tərəvəzlər yemək əlavə narahatlıq yarada bilər. Soyuq qidalar mədədə qıcıqlanma və turşu ifrazının pozulmasına səbəb olaraq yanma hissi və ya ağrı yarada bilər. Bu səbəbdən bu insanlar otaq temperaturunda və ya isti qidalar yeməyə üstünlük verməlidir.

Soyuq meyvə və tərəvəzlər bədənin metabolik sürətini müvəqqəti olaraq yavaşladır, çünki bədən temperaturunu qorumaq üçün daha çox enerji sərf edir. Bu vəziyyət həzm prosesinə də təsir edir, xüsusən yeməklərin həzm olunma müddəti uzanır.