İdman sağlamlıq üçün vacib olsa da, hər şeydə olduğu kimi burada da ölçü saxlamaq önəmlidir. Foodinfo.az Health Data Science jurnalına istinadla xəbər verir ki, Çin Xançjou Pedaqoji Universitetinin alimləri müəyyən ediblər: orta səviyyədə fiziki fəaliyyət beyin qocalmasını ləngidir, lakin həm hərəkətsizlik, həm də həddindən artıq məşq əks təsir göstərir.

Tədqiqat universitetin dosenti Çençze Syu rəhbərliyində aparılıb. Alimlər Böyük Britaniya Biobankının 16 min 972 iştirakçısının məlumatlarını təhlil ediblər. Akselerometrlər və maqnit-rezonans görüntüləmə (MRT) üsulu ilə iştirakçıların gündəlik hərəkət səviyyəsi və beyin quruluşundakı dəyişikliklər müqayisə olunub.

Nəticədə məlum olub ki, fiziki fəaliyyətlə beyin yaşlanması arasında “U formalı” əlaqə mövcuddur. Yəni orta dərəcəli idman ən faydalı təsiri göstərir, çox az və ya çox intensiv məşq isə beynin daha sürətlə qocalmasına səbəb olur.

Alimlər bildiriblər ki, müntəzəm, lakin ölçülü fiziki hərəkət qan dövranını və sinir hüceyrələrinin fəaliyyətini gücləndirir, yaddaş və diqqəti qoruyur. Həddindən artıq yüklənmə isə orqanizmdə stres hormonlarının artmasına, beyin hüceyrələrinin zədələnməsinə və yorğunluğa gətirib çıxara bilər.

Tədqiqat müəllifləri gələcəkdə yuxu rejimi, hərəkətsiz həyat tərzi və irsiyyətin beyin qocalmasına təsirini də araşdırmağı planlaşdırır. Məqsəd — beyin sağlamlığını qorumaq üçün daha dəqiq və fərdi tövsiyələr hazırlamaqdır.