Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir. Bu istiqamətdə qəhvəyi mərmər bağacığının müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla görüşlər keçirilib, zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilib. Bundan başqa, qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici çap materiallarının (buklet, banner) yerli əhali arasında paylanılmasına başlanılıb. Həmçinin KİV-in dəstəyi ilə mediada məlumatlar yerləşdirilir, sosial şəbəkələrdə posterlər yayımlanır. Xatırladaq ki, AQTA aidiyyəti qurumlarla birgə Azərbaycana qonşu ölkələrdən miqrasiya edən qəhvəyi mərmər bağacığı ilə bağlı qabaqlayıcı tədbirlər görməkdədir. Bir daha bildiririk ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalini zərərvericilərlə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırırıq. Vətəndaşlardan xahiş olunur ki, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər. [gallery ids="52859,52860,52861,52862,52863"]