Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda təşkil olunub. Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq oluna bilər. HACCP risk əsaslı yanaşmanı tətbiq edir və qida məhsullarına ola biləcək təhlükələrlə risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Təlim zamanı iştirakçılar HACCP sistemini özündə ehtiva edən beynəlxalq idarəetmə sistemləri və HACCP sistemləri ilə ISO 22000:2018 arasındakı əlaqə barədə də məlumatlandırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.