Oruc tutan zaman uzunmüddətli aclıq və susuzluq, həmçinin sağlam qidalanma qaydalarına əməl edilməməsi başağrısına yol aça bilir.
Foodinfo.az-ın məlumatına görə, Türkiyənin Acıbadem Beynəlxalq Xəstəxanasının nevrologiya mütəxəssisi Haluk Caneroğlu başağrılarının qarşısını almaq üçün verdiyi tövsiyələrində bildirib ki, iftar yeməyini qan təzyiqini yüksəltməyəcək şorba və salat kimi yüngül, az yağlı və yüksək lifli qidalarla başlamaq məsləhətdir.
Mütəxəssis bildirib ki, bədən susuzlaşdıqda streslə əlaqəli hormonlar artır. Bu, damarların daralmasına və başağrısına səbəb olur. Başağrısının qarşısını almaq üçün bol su içmək vacibdir: "Miqrenli xəstələr gün ərzində qidalanmadıqlarına görə onlarda ağrılar arta bilər. Bunun səbəbi aclıq və susuzluğun bədəndə yüksək təzyiqə səbəb ola biləcək stress yaratmasıdır. Eyni zamanda şiddətli başağrıları qan təzyiqinin yüksəlməsi səbəbindən də yarana bilər. Buna görə də uzun müddət ac qalmamaları üçün miqrenli xəstələrin imsakın son saatlarında yemək yemələri məsləhətdir. Həmçinin fıstıq, əncir, qatıq və pendir kimi süd məhsulları miqrenə səbəb olur, onlardan uzaq durmaq lazımdır. Bu qidaların yerinə yumurta yemək daha faydalıdır".
Həkim oruc tutanlara onu da tövsiyə edir ki, imsakda şəkərli qidalar istehlak etmək əvəzinə proteinlə zəngin məhsullara üstünlük versinlər. Bu qidalar doyma müddətini artırır.