“Mədə qıcqırması, öddaşı xəstəliyi olanlar, eləcə də son iki-üç ayda cərrahiyə əməliyyatı olunan şəxslər bayram ərəfəsində qidalanmaya həssas yanaşmalıdır”. Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereloq Emin Məmmədov deyib. O qeyd edib ki, Yeni il bayramı tətili zamanı insanlar əsasən evdə olurlar və tez-tez qidalanırlar: “Bir az artıq hərəkət etmək lazımdır. Adi günlərdə səhər evdən çıxıb işə gedirik və normal qrafiklə qidalanırıq. Azərbaycan mətbəxi zəngin olduğundan bayram günlərində fasiləsiz qidalanma baş verir. Yağlı qida ilə yüklənən orqanizm buna reaksiya verəcək. Şəkər qalxacaq, təzyiq yüksələcək, mədədə yanma riskləri artacaq. Gündəlik rejim necədirsə hansı saat aralıqda qida qəbul edilibsə bunu da qorumaq lazımdır. Qidanın miqdarı artırıla bilər, lakin saat aralığına ciddi fikir versinlər”. Ekspert söyləyib ki, şirniyyat asılılıq yaradır: “Tövsiyə edərdim ki, şəkər dəyəri aşağı olan şirniyyatlardan istifadə olunsun. Şirin su və meyvə şirələri orqanizm üçün zərərlidir. Çünki tərkibində qida məqsədli əhəmiyyətli nəsə yoxdur. Bu da özünüdə şəkərli diabet, xərçəng və ürək-damar sistemi xəstəliklərini yaratmış olur. Mədə qıcqırması olan insanlar adətən qazlı-sodalı su içməyə üstünlük verir. Bu tamamilə yalnış yanaşmadır. Yeməyin ortasında qazlı-sodalı su içilirsə, bu zaman həzm prosesi ləngiyir. Suyu yeməkdən iki saat əvvəl və ya iki saat sonra içmək daha arzuolunandır”.