Günəş alışmaları təkcə maraqlı astronomik hadisə deyil, eyni zamanda insan sağlamlığına da təsir göstərə bilən amil hesab olunur. Mütəxəssislər bildirirlər ki, günəş fəallığının artdığı dövrlərdə bəzi insanlarda ümumi halın pisləşməsi müşahidə oluna bilər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə Piroqov Universitetinin həkimi Vera Larina Liter.kz nəşrinə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, aparılan araşdırmalar günəş fəallığındakı dəyişikliklərin orqanizmə təsir göstərə bildiyini göstərir və bu təsir xüsusilə xarici amillərə uyğunlaşması zəif olan insanlarda daha aydın hiss olunur. O qeyd edib ki, günəş alışmaları zamanı orqanizmdə vegetativ sinir sisteminin və böyrəküstü vəzilərin fəaliyyəti arta bilər.
Mütəxəssis vurğulayıb ki, ən çox risk altında olanlar arterial təzyiq xəstəliyi olanlar, ürəyin işemik xəstəliyindən əziyyət çəkənlər, xroniki ürək çatışmazlığı olan pasiyentlər, ürək ritminin pozulması, o cümlədən qulaqcıqların titrəməsi müşahidə edilən şəxslər, həmçinin qanın laxtalanma problemləri yaşayan insanlardır. Bununla yanaşı, həkim günəş alışmalarının orqanizmə təsir mexanizmlərinin hələ tam öyrənilmədiyini və bu istiqamətdə tədqiqatların davam etdiyini bildirib.
Günəş fəallığının təsirini azaltmaq üçün həkim həyat tərzinə xüsusi diqqət yetirməyi tövsiyə edir. Onun fikrincə, 7–9 saat davam edən keyfiyyətli yuxu, zərərli vərdişlərdən uzaq durmaq, gün rejiminə əməl etmək, tarazlı qidalanma, təmiz havada gəzinti və orta səviyyəli fiziki hərəkət orqanizmə müsbət təsir göstərir.
Eyni zamanda, mütəxəssis xroniki xəstəlikləri olan şəxslərə mütəmadi tibbi müayinələrdən keçməyi və profilaktik nəzarəti laqeyd yanaşmamağı tövsiyə edib. Həkimlər günəş fəallığının artdığı günlərdə insanlara öz səhhətlərinə diqqətlə yanaşmağı və orqanizmi həddindən artıq yükləməməyi məsləhət görürlər.






