Böyük Britaniyanın Birmingem şəhərində həkimlər İbrahim Əbdülrauf adlı gəncin ayağını amputasiya edərək yenidən tərsinə tikməklə həyatını xilas ediblər.

Bu barədə “Daily Star” yazır.

Hazırda 22 yaşı olan İbrahimin əməliyyat zamanı 14 yaşı olub. Belə ki, futbol matçında hücuma məruz qalan yeniyetmə ağır xəsarət alıb. Səhəri gün dözülməz ağrı ilə oyanan Əbdülrauf xəstəxanaya yerləşdirilib.

Həkimlər ilk öncə onda kista olduğunu düşünüblər. Altı həftə xəstəxanada qaldıqdan sonra Əbdülraufa sümük xərçəngi diaqnozu qoyulub. Mütəxəssislər xəstəyə nadir əməliyyat olan rotasion (fırlatma) plastikasını təklif ediblər. Bu əməliyyat zamanı ayağın orta hissəsi kəsilir və aşağı hissəsi tərs istiqamətdə tikilir. İbrahim razılıq verməsəydi, xərçəng bütün bədəninə yayıla bilərdi.

Əməliyyatdan sonra reabilitasiya dövrü üç il davam edib. Əbdülrauf hər gün idman etməli və intensiv fiziki terapiyadan keçməli olub. Hazırda o, yenidən yeriyə və ayağını tərpədə bilir. Gənc bunun üçün həkimlərə minnətdar olduğunu deyir.

Nərmin