Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Veysəloğlu” MMC-nin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təşkil olunub. Təlimdə iştirakçılara qida zəncirinin bütün mərhələlərində yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumat verilib. Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın önəmindən və təmizlik qaydalarından bəhs edilib. İnsanların sağlamlığını qorumaq üçün qida istehsalı zamanı şəxsi gigiyena qaydalarına əməl olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Təlim zamanı şəxsi gigiyena ilə əlaqədar aparılmış tədqiqatların nəticələrinə dair görüntülər nümayiş etdirilib. Təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.