Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahə ilə bağlı sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədi ilə keçirilən təlimləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Azərsun Holdinq”in əməkdaşları üçün “Qida məhsullarının saxlanması və daşınması” mövzusunda təşkil olunub.
Təlim zamanı qida məhsullarının saxlanması və daşınması zamanı icra edilməli olan təhlükəsizlik tələbləri haqqında ətraflı məlumat verilib. Həmçinin proses çərçivəsində baş verə biləcək risk və təhlükələrdən, çirklənmələrdən danışılıb. Eyni zamanda, çirklənmələrin qarşısının alınması üçün həyata keçirilməli olan önləyici tədbirlərdən bəhs edilib. İştirakçılar qida məhsullarının daşınması və saxlanması üçün tələb olunan sanitar-texniki və sanitar-gigiyenik qaydalar haqqında da məlumatlandırılıb.
Təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.
[gallery ids="51335,51336,51337"]