Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarının təşkilinə start verib.

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.

Foodinfo.az xəbər verir ki, səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir.  Sınaqlar “ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər” standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır.

Səriştəlilik sınaqlarının təşkilinə başlanması ilə əlaqədar AQTİ-nin saytında (www.afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmə də yaradılıb. Bölmədə ay ərzində həyata keçirilməsi nəzərdə tutulan səriştəlilik sınaqlarının siyahısı və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması (Mikrobioloji sınaqlar)”, “Proqram”) yerləşdirilib. Belə ki, laboratoriya keçirilməsi planlaşdırılan səriştəlilik sınaqları və onların proqramı ilə sayt vasitəsilə tanış ola biləcək. Laboratoriya sınaqlarda iştirak etmək istədikdə, saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq [email protected] elektron poçtuna göndərməlidir. Fevral ayında planlanan salmonella sınağında iştirak üçün son müraciət tarixi 10 fevral 2023-cü il tarixi müəyyən olunub. Müraciətlər qəbul edildikdən sonra iştirakçılara elektron poçt vasitəsilə individual laboratoriya nömrəsi və digər məlumatlar göndəriləcək. Sınaqlar yekunlaşdıqdan sonra nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.

Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq. Laboratoriyalar səriştəlilik sınaqları haqqında daha ətraflı məlumatı İnstitutun rəsmi saytından əldə edə bilərlər.

Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.