19 oktyabr 2022-ci il tarixində saat 12:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin "Təlim saatı" adlı onlayn verilişinin növbəti buraxılışı “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Foodinfo.az-ın məlumatına görə, “Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir. Budəfəki buraxılışda laboratoriyalarda səriştəlilik sınaqlarının təşkili haqqında məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin Keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Emin Əfəndibəyliyə ünvanlaya bilərsiniz. Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.