Siyənək dadı və əlçatanlığı ilə uzun illərdir bir çox süfrələrin vazkeçilməz balıqlarından sayılır. Dietoloqlar bu balığın düzgün miqdarda istifadə edildikdə həm sağlamlıq, həm də əhval-ruhiyyə üçün faydalı olduğunu bildirirlər. Foodinfo.az BB.LV-yə istinadən xəbər verir ki, siyənəyin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun vitamin B12 ilə son dərəcə zəngin olmasıdır.

Belə ki, 100 qram siyənəkdə orqanizmin gündəlik ehtiyacından təxminən dörd dəfə çox vitamin B12 mövcuddur. Bu vitamin qan yaranması, sinir sisteminin fəaliyyəti və hüceyrələrin bərpası üçün mühüm rol oynayır. Mütəxəssislər qeyd edirlər ki, B12 vitamini çatışmazlığı yorğunluq, əsəbilik və diqqət pozuntuları ilə müşayiət oluna bilər.

Siyənək həmçinin omeqa-3 yağ turşuları, B qrup vitaminləri, D və E vitaminləri, yod, fosfor və keyfiyyətli zülalla zəngindir. Bu balıq ürək-damar sağlamlığını dəstəkləyir, damarların elastikliyini qorumağa kömək edir və immuniteti gücləndirir. Bildirilir ki, siyənək stress və gərginlik dövrlərində orqanizmin ehtiyac duyduğu faydalı yağları təmin edir. Bununla yanaşı, yüksək duz tərkibinə görə siyənəyin həddindən artıq istifadəsi tövsiyə olunmur. Xüsusilə yüksək təzyiqi və böyrək problemləri olan şəxslər bu balığı məhdud miqdarda qəbul etməlidirlər.

Mütəxəssislər siyənəyi həftədə iki dəfədən çox olmamaqla, gündəlik 100 qramdan artıq yeməməyi məsləhət görürlər. Siyənək adətən kartof, çuğundur, yumurta və təzə tərəvəzlərlə birlikdə istifadə edildikdə daha balanslı hesab olunur. Düzgün vaxtda və ölçüdə yeyildikdə isə siyənək həm ləzzətli, həm də faydalı qida mənbəyi kimi süfrələrdə öz yerini qoruyur.