16 noyabr 2022-ci il tarixində saat 12:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “Təlim saatı” adlı onlayn verilişinin növbəti buraxılışı "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Foodinfo.az xəbər verir ki, “Təlim saatı” onlayn veriliş layihəsinin həyata keçirilməsində məqsəd bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi, eyni zamanda qida təhlükəsizliyi sahəsində elmi bazanın təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsini təmin etməkdir. Budəfəki buraxılışda qida məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı yerinə yetirilməli olan təhlükəsizlik tələblərinə dair zəruri məlumatlar izləyicilərin diqqətinə çatdırılacaq. Həmçinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda qida məhsullarının qablaşdırılması, etiketlənməsi və digər bu kimi məsələlərlə bağlı nəzərdə tutulan yeniliklərdən danışılacaq. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sahibkarlara xidmət departamentinin mütəxəssisi Aynurə Qurbanzadəyə ünvanlaya bilərsiniz. Qeyd edək ki, AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.