Ürək-damar xəstəliklərinin qarşısının alınmasında düzgün qidalanma həlledici rol oynayır. Mütəxəssislər balanslı və elmi əsaslara söykənən pəhrizlərin uzunmüddətli sağlamlığa ciddi töhfə verdiyini bildirirlər. Foodinfo.az Gazeta.ru-ya istinadən xəbər verir ki, DASH pəhrizi 2026-cı il üçün U.S. News & World Report-un reytinqində ardıcıl ikinci il ürək sağlamlığı üçün ən yaxşı qidalanma sistemi seçilib.
Bundan əlavə, DASH pəhrizi bütün məşhur pəhrizlər arasında ümumi siyahıda da ikinci yeri tutub. Reytinq Top Health and Nutrition Trends for 2026 icmalı çərçivəsində hazırlanıb və New England Journal of Medicine jurnalında dərc olunub.
Ekspertlər 38 fərqli pəhrizi 21 meyar üzrə qiymətləndiriblər. Qiymətləndirmə zamanı elmi əsaslılıq, balans, effektivlik və gündəlik həyata uyğunluq əsas götürülüb. DASH pəhrizi sərt məhdudiyyətlərin olmaması və qida qruplarının tam istisna edilməməsi ilə yüksək bal toplayıb.
Bu pəhriz ilkin olaraq arterial təzyiqin aşağı salınması məqsədilə hazırlanıb. Qidalanma modelində liflə zəngin məhsullara, həmçinin ürək üçün vacib olan kalium, kalsium və maqnezium kimi minerallara üstünlük verilir.
DASH pəhrizi doymuş yağların və xolesterinin azaldılmasını, meyvə, tərəvəz, tam taxıllar, balıq, quş əti, qoz-fındıq və az yağlı süd məhsullarının daha çox qəbulunu tövsiyə edir. Eyni zamanda şirniyyatların, əlavə şəkərin və qırmızı ətin miqdarı məhdudlaşdırılır.
Mütəxəssislər bildirirlər ki, bu qidalanma sistemi artıq təxminən 20 ildir ürək-damar xəstəlikləri və insult riskinin azalmasında effektivliyini sübut edir. Onların fikrincə, DASH pəhrizinin uğuru elmi araşdırmaların gündəlik qidalanma vərdişlərinə necə müsbət təsir göstərə bildiyini açıq şəkildə nümayiş etdirir.






